Qarakilsə rayon icmasının yeni təyin edilmiş kənd icma sədrləri ilə görüş keçirilib
12 oktyabr 2025, 00:13

Qərbi Azərbaycan İcmasında Qarakilsə rayon icmasının yeni təyin edilmiş kənd icma sədrləri ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon icmasının sədri, professor Nadir Qəhrəmanov və İcmanın kənd icma sədrləri iştirak ediblər.

Tədbirin əsas məqsədi yeni kənd icma sədrlərinə vəzifə təyinatlarının rəsmi təqdimatı, onların fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıdakı dövrdə icmaların işinin daha da səmərəli təşkilinə dair müzakirələrin aparılması olub.

Görüş zamanı Qərbi Azərbaycan İcmasının məqsəd və prinsipləri, icmaların fəaliyyət mexanizmləri, həmçinin kənd icmalarının Qərbi Azərbaycan yaddaşının qorunmasında və ictimai birliyin gücləndirilməsində rolu barədə geniş fikir mübadiləsi aparılıb.

Professor Nadir Qəhrəmanov çıxış edərək bildirib ki, Qərbi Azərbaycan İcmasının əsas missiyası soydaşlarımızın tarixi torpaqlarına qayıdış ideyasının həyata keçirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və ictimai fəaliyyətin genişləndirilməsidir. O, yeni təyin olunan kənd icma sədrlərinə bu mühüm missiyanın məsuliyyətini dərk edərək, öz fəaliyyətlərində fəallıq və təşəbbüskarlıq nümayiş etdirməyi tövsiyə edib.

Görüşdə həmçinin kənd icma sədrlərinin qarşısında duran əsas vəzifələr, icmalar arasında əlaqələndirmənin gücləndirilməsi, yerli tədbirlərin təşkili, gənclərin və ictimaiyyətin bu prosesə cəlb olunması kimi məsələlər də müzakirə olunub.

Sonda kənd icma sədrlərinə müvafiq təyinat sənədləri təqdim olunub və onların fəaliyyətində uğurlar arzulanıb.