Qərbi Azərbaycan İcması
05 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Qarakilsə və Qafan rayon kənd icmalarının sədr və üzvləri ilə görüş keçirilib.
Görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək görüşün məqsədi – Qarakilsə və Qafan rayonlarının tarixi şəxsiyyətləri, görkəmli ziyalıları, dövlət və ictimai xadimləri barədə məlumatların toplanması məsələsinin vacibliyinə diqqəti çəkib. O, bu istiqamətdə bütün Qərbi Azərbaycan üzrə aparılacaq işin Qərbi Azərbaycan irsinin qorunması, tarixi yaddaşın sənədləşdirilməsi və gələcək fəaliyyətlərin düzgün planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Musa Urud çıxış edərək Qarakilsə və Qafan rayonları ilə bağlı müvafiq işin aparılması prosesində kənd icmalarının rolunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və bu istiqamətdə görülən işlər, qarşıda duran vəzifələr və koordinasiyalı fəaliyyətin vacibliyi barədə fikirlərini bölüşüb.
Görüşdə Qafan rayon icmasının sədri, professor Eldar Abbasov və Qarakilsə rayon icmasının sədri, professor Nadir Qəhrəmanov da iştirak və çıxış ediblər.