“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
22 aprel 2026, 20:37

23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirdi.

Tədbirin açılış mərasimində çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirdi ki, hər il ənənəvi olaraq keçirilən bu konfransların məqsədi təkcə müəllif hüquqlarının qorunmasına diqqət çəkmək deyil, eyni zamanda qədim mənbələrə əsaslanaraq regionun tarixi ilə bağlı həqiqətləri üzə çıxarmaqdır. O vurğuladı ki, erməni saxtakarlıqlarının ifşası istiqamətində sistemli elmi fəaliyyət aparılır, müxtəlif nəşrlər hazırlanır və bu istiqamətdə beynəlxalq elmi ictimaiyyətin məlumatlandırılması təmin edilir.

Açılışda çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirərək Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə, habelə bütün kollektivinə hər il “Ümumdünya Kitab və Müəllif Hüququ Günü” münasibətilə erməni saxtakarlıqlarını ifşa edən qədim mətnləri və klassik mənbələri konfrans mövzusu kimi gündəmdə saxladıqlarına görə təşəkkür etdi.

O qeyd edib ki, Agentliyin bu fəaliyyəti dövlətin strateji hədəflərindən olan Qərbi Azərbaycana Qayıdış ideyasına da mühüm töhfə verir. Əziz Ələkbərli vurğuladı ki, məhz bubaxımdan Qərbi Azərbaycan İcması ilə Agentlik arasında əməkdaşlıq uğurla davam etdirilir, birgə tədbirlər keçirilir və tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Konfrans çərçivəsində Kamran İmanov rəhbərlik etdiyi qurumun bu sahədə gördüyü işlərlə bağlı hesabat xarakterli çıxış edərək, həyata keçirilən layihələr, nəşrlər və elmi araşdırmalar barədə ətraflı məlumat verdi. O, xüsusilə qeyd etdi ki, qədimmənbələrə əsaslanan araşdırmalar Azərbaycan tarixinin obyektivşəkildə təqdim olunmasına xidmət edir və bu istiqamətdə işlərdavam etdiriləcək.

Açılışdan sonra təşkil olunan brifinqdə də konfransın əhəmiyyəti vurğulandı, jurnalistlərin sualları cavablandırıldı. Qərbi Azərbaycanla bağlı suala cavabında Kamran İmanov bildirdi ki, bu istiqamətdə aparılan elmi tədqiqatlar və nəşrlər tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynayır və gələcəkdə bu fəaliyyət dahada genişləndiriləcək.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, millət vəkili Hikmət Babaoğlu qeyd etdi ki, erməniçilik ideologiyası uzun illər müxtəlif saxtalaşdırmalar üzərində qurulub və bu cəhdlərə qarşı ən təsirli vasitə elmi əsaslara söykənən yanaşmadır. Onun sözlərinə görə, belə konfranslar həm milli yaddaşın qorunması, həm də həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında tarixi həqiqətlərin təhrif olunmasının insan hüquqları və mədəni irs kontekstində də ciddi problem olduğunu vurğuladı.

AMEA-nın prezidenti İsa Həbibbəyli isə qeyd etdi ki, qədim mətnlərin və klassik mənbələrin sistemli şəkildə öyrənilməsi Azərbaycan tarixşünaslığının əsas prioritetlərindəndir və bu istiqamətdə aparılan tədqiqatlar milli elmin inkişafına mühüm töhfə verir.

Konfransda digər alim və mütəxəssislər də mövzu ətrafında çıxış edərək qədim mənbələrə əsaslanan faktların erməni iddialarının əsassız olduğunu bir daha sübut etdiyini vurğulayıblar.