“Qərbi Azərbaycan Azərbaycan əzəli torpağıdır!” mövzusunda açıq dərs təşkil edilib
16 fevral 2026, 14:54

Fevralın 13-də Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbdə “Qərbi Azərbaycan Azərbaycan əzəli torpağıdır!” mövzusunda açıq dərs təşkil edilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev və Hilal Salmanov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərsi məktəbin direktoru vəzifəsini icra edən Yusif Haxverdiyev açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərə əsaslanan fikirləri biz azərbaycanlılar üçün, xüsusilə gənclər üçün qürurvericidir. Ona görə də bütün Azərbaycan gəncliyi bu həqiqətləri düzgün öyrənməli və bu istiqamətdə üzərinə düşən vəzifəni, yəni vətəndaşlarımız arasında tarixi maarifləndirici təbliğat işlərini layiqincə yerinə yetirməlidir.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin və xəritələrin geniş auditoriyalara, o cümlədən gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, baş verən proseslər fonunda həm dövlət qurumlarının, həm ictimai təşkilatların, həm də təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.

Mahirə Hüseynova bu mövzunun Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi olduğunu bildirərək, Qərbi Azərbaycan ərazilərinin Azərbaycan xalqının tarixi yaddaşında, mədəni kimliyində və mənəvi dünyasında tutduğu yerə diqqət çəkib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs edib. Qeyd edib ki, XX əsrdə mərhələlərlə davam etmiş ermənilərin deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də nəticələnib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib. Diqqətə çatdırıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub. Bu siyasət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İlqar Abbasov vurğulayıb ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaq¬görən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmiş, azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılmışdır.

Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev və Hilal Salmanov dərsin müasir tələblərə uyğun şəkildə aparılmasını yüksək qiymətləndirərək, dərsdə iştirak edən şagirdlər üçün Qərbi Azərbaycanda baş verən tarixi proseslərin öyrənilməsinin əvəzolunmaz bir mənbəyə çevriləcəyini vurğulayıblar.

Məktəbin müəllimləri dərsin yüksək səviyyədə təşkil edilməsini, dərsdə və müzakirələrdə mövzu ilə bağlı səslənən fikir və tövsiyələrin proqram xarakterli olduğunu qeyd edərək bildiriblər ki, bütün bunlar onların gələcək fəaliyyət istiqamətlərində nəzərə alınacaqdır. Həmçinin Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş tədbirlərin həyata keçirilməsinin vacibliyini və bu sahədə maarifləndirmə prosesinin davamlı olmasını bir daha vurğulayıblar.

Açıq dərs interaktiv formada aparılıb, şagirdlər verilən sualları fəal şəkildə cavablandıraraq, mövzuya böyük maraq göstəriblər.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovaya 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim edilib.

Tədbir çərçivəsində Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbin ərazisində agacəkmə aksiyası təşkil edilib. Aksiya zamanı müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.