Qərbi Azərbaycan İcması
Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamları Hüseyn Əliyevin, Kamil Əliyevin, Arif Qazıyevin, İsmət Axundovun, Əməkdar rəssamlar Rza Avşarovun, İsa Məmmədovun, Nağdəli Xəlilovun, Sabir Hüseynovun, Saleh Məmmədovun, Akif Quliyevin, Xuday İbrahimovun, Pərvin Quliyevanın, Sevil Əhmədovanın, Əli İsmayılın, ümumilikdə 25 müəllifin 40-dək rəngkarlıq və rəsm əsəri nümayiş olunur.
Qonaqları salamlayan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycandan son 200 ildə deportasiya edilmiş, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanıdılması böyük önəm daşıyır.
"Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı özlüyündə tarixi və siyasi hadisədir. Eyni zamanda, yaradıcı insanlar və rəssamlar üçün də bir ilham qaynağı, yaradıcılıq mövzusudur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəngin irsimizin qorunmasına, inkişafına, təbliğinə böyük diqqət və qayğı göstərir. Qərbi Azərbaycan əsilli incəsənət xadimlərinin, eləcə də rəssamların müxtəlif dövlət təltiflərinə layiq görülmələri bu qayğının bariz nümunəsidir”, - deyə İcmanın sədri bildirib.
O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan incəsənətinin ən maraqlı nümunələri divar rəngkarlığı sahəsində öz əksini tapıb. Qərbi Azərbaycan əsilli rəssamların yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir. Sərgidə nümayiş olunan əsərlər mövzu etibarilə Vətənin gözəlliyini, tarixi abidələrini, insanların mənəvi saflığını özündə əks etdirir.
Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərginin açılışında dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycandan olan ziyalılar, elm və incəsənət xadimləri iştirak ediblər.