Qərbi Azərbaycan İcması
12 may 2026-cı il tarixində Bakı şəhəri 177 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə müasir Azərbaycanın ən aktual mövzularından birinə həsr olunmuş “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda möhtəşəm açıq dərs keçirilmişdir.
Tədbir gənc nəslin tarixi köklərimizə bağlılığının möhkəmləndirilməsi, milli kimlik şüurunun formalaşdırılması və vətənpərvərlik ruhunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Arzu Süleymanova açaraq mövzunun aktuallığını vurğulamış, dövlətimizin Qərbi Azərbaycanla bağlı həyata keçirdiyi strateji siyasətin təhsil müəssisələrində təbliğinin vacibliyini diqqətə çatdırmışdır. Direktor çıxışında qeyd etmişdir ki, bu cür tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi və tarixi yaddaşın qorunması baxımından xüsusi rol oynayır.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Nağı qızı Hüseynova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, Elm və Təhsil Nazirliyinin məsul nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev, Nazirliyin məsul əməkdaşı Maral Salmanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli, Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Təmraz Tağıyev, ADPU-nun filologiya kafedrasının əməkdaşı Gülər Süleymanova, eləcə də Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev iştirak etmişlər.
Çıxış edən qonaqlar Qərbi Azərbaycanın Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutduğunu qeyd etmiş, doğma torpaqlara qayıdış ideyasının milli birlik, dövlətçilik və mənəvi həmrəylik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar. Bildirilmişdir ki, gənc nəslin tariximizi dərindən bilməsi və milli ideallara bağlı ruhda yetişməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm şərtlərdən biridir.
Tədbir çərçivəsində şagirdlərin təqdim etdikləri bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər və musiqi nümunələri iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.
Tədbirin sonunda Arzu Süleymanova qonaqlara təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu cür açıq dərslər gələcəyimiz olan gənclərin “Böyük Qayıdış” ideyasına mənəvi hazırlığında mühüm rol oynayır və onların vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verir.
177 nömrəli məktəb bu tədbirlə bir daha nümayiş etdirdi ki, Azərbaycan təhsili yalnız bilik verməklə kifayətlənmir, eyni zamanda dövlətimizin milli maraqlarını qorumağa qadir, yüksək vətənpərvərlik ruhuna malik gənc nəsil yetişdirir.