Qərbi Azərbaycan İcması
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, ADPU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda keçirilən II respublika elmi-praktik konfransında AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edib.
Alim Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərdən sonra qayıdış ideyasının ümummilli hərəkat səviyyəsinə yüksəldiyini, növbəti mərhələdə isə Qərbi Azərbaycana qayıdışın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, cənab Prezidentin “Əziz Şuşa, biz qayıtmışıq!” bəyanatı qayıdış ideyasının dövlət siyasətində simvol və emblemləşmiş ifadəsinə çevrilib.
Sərxan Xavəri Qərbi Azərbaycan folklorunu xarakterizə edərək qeyd edib ki, bütün məhrumiyyətlərə, qaçqınlıq və didərginlik talelərinə baxmayaraq, bu folklor milli identikliyin ən dərin qatlarını qoruyub saxlayıb. O bildirib ki, torpaq, yurd, ocaq, pir, qəbir, dağ və göl anlayışları burada sadəcə obraz və simvol deyil, etnik təfəkkürün struktur elementləridir. Alimin fikrincə, folklor tarixi-coğrafi şüurun alternativ yazı sistemidir: yazılı tarix silinə bilər, lakin folklor insanın yaddaşında və emosional kodunda yaşayır. Bu baxımdan Qərbi Azərbaycan folkloru lokal material kimi deyil, bütöv Azərbaycan və ümumtürk folklor sisteminin ayrılmaz komponenti kimi öyrənilməlidir.
Daha sonra AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək Qərbi Azərbaycan folklorunun bu sahədəki strateji hədəflərin elmi təminatında böyük potensiala malik olduğunu vurğulayıb. Folklorun xalqın milli, tarixi və genetik yaddaşının əsas mənbələrindən biri olduğunu qeyd edən alim, Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsində tarixi yaddaşın əhəmiyyətinə xüsusi nəzər yetirib.
Hikmət Quliyev Prezident İlham Əliyevin 3 il əvvəl öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladıb. O qeyd edib ki, cənab Prezidentin həmin görüşdəki nitqi Qərbi Azərbaycan siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Alim xüsusilə də Ali Baş Komandanın vurğuladığı “tarixi yaddaş” məsələsinə diqqət çəkərək Qərbi Azərbaycana qayıdışda bu faktorun böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Hikmət Quliyev çıxışında həmçinin cənab Prezidentin bu il noyabrın 3-də AMEA-nın 80 illik yubileyindəki çıxışını xatırladaraq qeyd edib: “Cənab Prezident toponimlər üzərində xüsusi dayanaraq Göyçə və Sevan toponimlərini müqayisə etdi. Qeyd etdi ki, təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün: indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur; o xəritələrdə Göyçə gölüdür və bütün digər istifadə etdiyimiz tarixi toponimlər orada öz əksini tapıb.”