Qərbi Azərbaycan İcması
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda keçirilən II Respublika elmi-praktik konfransının plenar iclasından sonra tədbir “Dərələyəz”, “Göyçə”, “Ağbaba”, “Dərəçiçək”, “Zəngibasar”, “Vedibasar”, “Qırxbulaq” adlı oturum salonlarında davam edib.
Bölmə iclaslarındakı məruzələrdə, əsasən, Qərbi Azərbaycan folklorunun müxtəlif aspektlərindən və bu irsin elmi-tədqiqat baxımından əhəmiyyətindən bəhs edilib.
“Qərbi Azərbaycanın folkloru və etnoqrafiyası” adlı ikinci oturumda Qərbi Azərbaycan folklorunun regional xüsusiyyətləri, orada şifahi xalq yaradıcılığının yayğın janrları və bölgənin etnoqrafiyası müzakirə edilib. Bu oturumda iştirakçılar bölgə folklorunun etno-sosial funksiyalarını araşdıraraq, onun milli kimliyin formalaşmasındakı rolunu təhlil ediblər.
Üçüncü oturum “Qərbi Azərbaycan folklorunda vətən anlayışı, milli kimlik və yurd itkisi motivləri” mövzusunda olub. Bu sessiyada folklorda və müasir mədəniyyətdə vətən anlayışı ilə bağlı geniş müzakirələr aparılıb. Xüsusilə, qərbi azərbaycanlıların folklorunda müharibə və mühacirət kimi hadisələrin əksi, vətən itkisi və milli kimlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dördüncü oturumda “Müasir elmi-nəzəri yanaşmalar kontekstində Qərbi Azərbaycan folkloru” mövzusu müzakirə edilib. Burada, müasir folklorşünaslıq nəzəriyyələri və tədqiqat metodlarının Qərbi Azərbaycan folklorunun tədqiqində tətbiqi, müasir elmi yanaşmaların folklorumuzun öyrənilməsində aça bilcəyi yeni perspektivlər müzakirə olunub.
Digər oturumlarda Qərbi Azərbaycan aşıq sənəti, Qərbi Azərbaycan şivələri, Qərbi Azərbaycan toponimikasının folklorda əksi, ədəbiyyatda Qərbi Azərbaycan mövzusu və Qərbi Azərbaycan folklorunda süjet və motivlərin variantlaşma xüsusiyyətləri təqdim edilib. Məruzələrdə Qərbi Azərbaycanın qeyri-maddi mədəni irsinin müxtəlif aspektləri, bölgə aşıq sənətinin özünəməxsus xüsusiyyətləri, el sənətkarlarınn yaradıcılığı, regionun şivə və dialektləri, toponimikası, yazılı ədəbiyyatda bu mövzunun əksi kimi məsələlər təhlil olunub.
Tədbir bölmə iclaslarından sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Böyük akt zalında Bağlanış iclası ilə yekunlaşıb. İclasda konfransın ümumi nəticələri təqdim olunub, Qərbi Azərbaycan folklorunun tədqiqi ilə bağlı gələcək istiqamətlər müəyyənləşdirilib. Təşkilatçılar arasında əməkdaşlığın gücləndirilməsi, yeni layihələrin həyata keçirilməsi ilə bağlı qərarlar qəbul olunub. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və gələcək tədqiqat işlərində uğurlar arzulanıb.