Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində gənclər üçün ilk məlumatlandırıcı sessiya aprelin 5-də Gəncə şəhərində keçirilib.
Azərbaycan Texnologiya Universitetində təşkil edilən tədbirin məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma vətəninə qayıtması hüququnun, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, xüsusən də gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə gənclərin məlumatlılığının artırılmasıdır.
Görüş iştirakçılarını salamlayan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Orucəli Abbaszadə tədbirin mahiyyəti və məqsədləri haqqında məlumat verib, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkilindən, həmçinin ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəal iştirakının təşviq olunmasının vacibliyindən danışıb.
QAİ Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov Qayıdış konsepsiyasının müddəaları, Qərbi Azərbaycanın İcmasının quruluşu və fəaliyyəti, gənclərin üzərinə düşən vəzifələrdən danışaraq, tədbir iştirakçılarını beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi ilə bağlı düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıb.
Tədbirin davamında Qərb Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini özündə əks etdirən təqdimat nümayiş etdirən R.Məmmədov gənclərin suallarını cavablandıraraq, onların təkliflərini dinləyib.