Qərbi Azərbaycan İcması
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabat hazırlanmışdır. Bir sıra ciddi nöqsanlara yol verilmiş hesabatla bağlı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu ünvanlamışdır. Məktubda deyilir:
“Əvvəla, Azərbaycana səfərinizə və 23 oktyabr 2023-cü il tarixində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz səmimi münasibətə görə Sizə təşəkkür edirik. Sizin ruhlandırıcı sözləriniz, xüsusilə də “heç vaxt vaz keçməyin” tövsiyəniz bizim icmamızda dərin təsir buraxmışdı.
Bununla belə, biz Sizin son hesabatınızın müstəsna olaraq bir etnik qrupa aid məsələni - özü də təhrif olunmuş şəkildə əhatə etməsini, bizim məsələmizə isə orada qəsdən yer ayrılmamasını dərin təəssüf və məyusluq hissi ilə qeyd edirik. Ermənistandan didərgin salınmış yüz minlərlə azərbaycanlıya, onların acınacaqlı vəziyyətinə, davam edən mübarizəsinə və onlarla keçirdiyiniz mühüm görüşünüzə istinad etməməyiniz nəinki məyusedicidir, həm də ədalət və qərəzsizlik prinsiplərinə ziddir. Bu nöqsan sadəcə bir diqqətsizlik deyil - qərəzliliyə, etnik və dini ayrı-seçkiliyə dair klassik nümunədir.
Sizə xatırlatmaq yerinə düşər ki, biz Sizin regiona səfərinizə dair Avropa Şurasının 26 oktyabr 2023-cü il tarixində verdiyi və bizim məsələmizə istinad edilmədiyi press-relizindən dərhal sonra - 27 oktyabr 2023-cü il tarixində Sizə məktub göndərərək narahatlığımızı bildirmişdik. Göründüyü kimi, bizə münasibətdə qərəzli münasibət davamlı xarakter daşıyır.
Sizin hesabatınız Ermənistanı yalnız ümumi şəkildə geri qayıtmaq hüququna hörmət etməyə çağırır. Lakin, kimin geri qayıtmaq hüququndan söhbət getdiyini göstərmir. Biz geri qayıtmaq hüququ ilə bağlı bu ümumi çağırışı dəyərləndirsək də, bu çağırışın kontekstinin qeyri-müəyyənliyi onun dəyərini və təsirini azaldır.
Azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz həvəsləndirici və dəstəkləyici tonla hesabatınızda işimizə baxılması arasındakı kəskin ziddiyyət bizi dərindən məyus və narahat edir. Bu, insan haqları və ədalətin qalası kimi dayanmalı olan AŞ İnsan Hüquqları Komissarı ofisinin əslində çox düzgün olaraq “Ermənistan+” adlandırılan anti-Azərbaycan dairələrin əlində alət olduğunu söyləməyə əsas verir.
Azərbaycanlı qaçqınların dərdini ört-basdır etmək onların qarşısında naxələflik olmaqla bərabər, Avropa Şurasına olan-qalan etimadı və onun missiyasını sarsıdır. Bu Sizin möhtərəm ofisinizin öz işində rəhbər tutmalı olduğu ədalət və qərəzsizlik prinsiplərinə xəyanətdir.
Yekun olaraq qeyd etmək istərdik ki, bizə “heç vaxt vaz keçməməyi” tövsiyə etsəniz də, Sizin özünüz ən azı bu halda öz prinsiplərinizə etinasız yanaşmaqla məhz bunu etdiniz. Buna baxmayaraq, biz haqq-ədalət və Vətənimizə qayıtmaq hüququ uğrunda mübarizəmizdən heç vaxt vaz keçməyəcəyik. Məhz bu qətiyyətlə biz Sizdən öz vəzifələrinizi yerinə yetirməyi və uzun müddətdir ki, məlum bədnam dairələr tərəfindən susdurulmağa çalışılan haqq işimizi hesabatınızda əks etdirmək üçün ona yenidən baxmağı tələb edirik.”