Qərbi Azərbaycan İcması
Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlamışdır. İcma qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədir və onun yerinə yetirilməsi üçün dialoq yolunu seçmişdir. Bu müstəvidə, icma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir.
Şübhəsiz ki, qayıdış prosesi üzrə siyasi müstəvidə aparılmalı prosesin mühüm bir hissəsini Ermənistan hökuməti ilə dialoq təşkil etməlidir. Ermənistan tərəfinin bizə qarşı törədiyi böyük müsibətləri tarixi yaddaşımızda saxlamaqla bərabər qəbul edirik ki, sülh və inkişafın təmin edilməsinin yolu dialoq və barışıqdan keçir.
Bu məramla İcmamız Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana məktub göndərərək, onu qayıdış məsələsi üzrə dialoqa başlamağa çağırmışdır.
Ədalət və barışıq naminə biz insan haqları və re-inteqrasiyaya əsaslanan sülhpərvər yanaşma seçdik və dialoq çağırışı ilə birbaşa Ermənistan hökumətinə müraciət etdik. İndi Ermənistan hökuməti buna qarşılıq verərək, bizimlə xoş niyyətlə dialoqa başlamalı və azərbaycanlıları öz evlərindən didərgin salaraq onları onilliklər ərzində düçar etdiyi ədalətsizliyə son qoymalıdır.
Biz qarşılıqlı maraq kəsb edən məsələlərə dair Ermənistan hökuməti ilə birbaşa dialoqa hər zaman hazır olduğumuzu qeyd etməklə bərabər, vurğulamaq istərdik ki, qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarımızın təmin edilməsi müvafiq beynəlxalq mexanizm çərçivəsində baş verməlidir.
İcma qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi istiqamətində beynəlxalq hüquq əsasında sülhpərvər səylərini əzmlə davam etdirəcək.