Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması Fransa Prezidenti Makronun erməni diasporunun bəzi radikal ünsürləri ilə görüşündə verdiyi son bəyanatını, xüsusən də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması kontekstində Ermənistanın maraqlarını Ermənistan hökumətindən daha yaxşı müdafiə etməyi iddia etməsini sərt şəkildə qınayır. Bundan başqa, biz Prezident Makronun Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edən ifadələrdən istifadə etməsini pisləyirik.
Fransanın Ermənistanın son vaxtlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini rəsmi şəkildə tanımasından açıq-aşkar narazılığı Fransanın Ermənistanı suveren dövlət kimi qəbul etməsi ilə bağlı suallar yaradır. Prezident Makron tərəfindən səsləndirilən bu bəyanat Fransanın Ermənistanın keçmişdə törətdiyi hüquq pozuntularına, o cümlədən azərbaycanlılara qarşı törətdiyi etnik təmizləməyə və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi kimi ədalətsizliklərə ortaq olduğunu sübut edir.
Biz Fransanı beynəlxalq hüququn prinsiplərinə, xüsusilə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə, onun daxili işlərinə qarışmamağa, qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına maneçilik törətməkdən çəkinməyə çağırırıq.