Qərbi Azərbaycan İcması
Yanvarın 17-də Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının üzvləri ilə növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, bu görüşlərin əhəmiyyətini vurğulayaraq, gənclərin qayıdış prosesinə verdiyi dəstəyin xüsusi rol oynadığını qeyd edib.
İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ötən il ərzində həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib.
Şahin İsmayılov, Azərbaycan gənclərinin hər zaman fəal olduğunu, müxtəlif tədbirlərdə onların təkanverici qüvvə olduğunu vurğulayıb. O, Qərbi Azərbaycanla bağlı aparılan işlərdə və tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolunun böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Deputat qeyd edib ki, gələcəkdə bölgələrə və xarici ölkələrə səfərlər təşkil ediləcək, bu çərçivədə həmin regionlarda yaşayan gənclərlə görüşlər keçiriləcək.
Tədbir gənclərin sualları, təklifləri və fikirləri əsasında interaktiv fikir mübadiləsi ilə davam edib.