Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş konfransda iştirak edib
11 iyun 2025, 14:31

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov “Qafqazın açarı: Geosiyasət və Azərbaycanın humanitar gündəliyi” mövzusunda 10 iyun 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş konfransda iştirak etmişdir. Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Macarıstan Xarici Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş tədbir Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasından sonra meydana çıxmış geosiyasi reallıqlar, Qərbi Azərbaycan məsələsi və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi mövzularına həsr olunmuşdu.

Tədbirin açılışında Macarıstan Xarici Əlaqələr İnstitutunun rəhbəri Qladden Pappin və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış etmişlər.

Q. Məmmədov çıxışında Qərbi Azərbaycan məsələsinin tarixi, miqyası, Qərbi Azərbaycan İcmasının sülh yolu ilə qayıdış məqsədilə beynəlxalq hüquq çərçivəsində fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi ölkəmizdəki mina problemi barədə ətraflı təqdimat vermiş, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Macarıstanın düşüncə mərkəzlərinin nümayəndələri isə regionda geosiyasi inkişaflar barədə çıxışlar etmişlər.

Məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıdışına əngəl törədən mina problemi və Qərbi Azərbaycan məsələsinin birlikdə təqdim edilməsi Ermənistan tərəfindən işğal, dağıntı və etnik təmizləmə ilə müşayiət olunmuş keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrinin işıqlandırılması baxımından faydalı olmuşdur.