Qərbi Azərbaycan İcması
17 aprel 2024-cü il tarixində Qərbi Azərbaycan İcması Qazax nümayəndəliyi və Qəmərli rayon İcması Gənclər Şurasının təşkilatçılığı ilə Qazax rayonunda gənclərlə görüş keçirilib.
Qazax rayon Ədəbiyyat Muzeyində keçirilən “Qərbi Azərbaycanın tarixi, deportasiyalar və qayıdış prioritetləri” adlı görüşdə Qazax Rayon İcra Hakimiyyət başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Qəmərli rayon İcmasının Gənclər Şurasının sədri Rəna Qəfərova, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa nümayəndəliyinin gənclərlə iş üzrə məsul şəxsi İsmayıl Bayramov və gənclər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma vətəninə qayıtması hüququnun və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, o cümlədən gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə məlumatlılığının artırılmasıdır.
Görüş iştirakçılarını salamlayan Qazax Rayon İcra Hakimiyyət başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov tədbirin məqsədləri və missiyası haqqında məlumat verib, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkilindən, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəal iştirakının təşviq olunmasının vacibliyindən danışıb.
Qəmərli rayon İcmasının Gənclər Şurasının sədri Rəna Qəfərova Qərbi Azərbaycanın tarixi, icmanın fəaliyyəti haqqında çıxış edərək, gənclərə geniş məlumat verib. Onlara Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolunun əhəmiyyət daşıdığını bildirib.
Tədbir gənclərin sualları, təklifləri və fikirləri əsasında aparılan interaktiv fikir mübadiləsi ilə davam edib.