Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması Roma papasını Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır.
Roma papası Fransis 2023-cü il oktyabrın 15-də verdiyi bəyanatında Azərbaycanın Qarabağ bölgəsindəki xristian dini abidələrinin qorunmasına dair çağırış etmişdir.
Bununla əlaqədar olaraq, xatırlatmaq lazımdır ki, Azərbaycan dövləti Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsindən sonra orada olan bütün ibadət yerlərini və digər abidələri dini mənsubiyyətindən asılı olmayaraq etibarlı mühafizə altına almış və Ermənistan tərəfindən dağıdılmış olanların təmirinə başlamışdır.
Bu mənada Roma papasının Qarabağda hazırda heç bir təhlükə olmayan xristian dini abidələri ilə bağlı çağırış etməsi üçün heç bir əsas yoxdur. Əksinə Roma papasının Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində 65 məscidi, eləcə də Ermənistan ərazisində 200-dən artıq məscidi və çoxsaylı digər mədəni və dini abidələri dağıtmasına münasibət bildirməsinə böyük ehtiyac vardır.
Bu müstəvidə, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistan ərazisindəki Azərbaycan dini ibadət yerlərini və yaxınlarının qəbirlərini ziyarət etməsinə yardım etmək xahişi ilə Roma papasına 2023-cü il iyunun 12-də etdiyi və cavabsız qalmış müraciəti bir daha yada salır.
Qərbi Azərbaycan İcması dinlərarası dialoqun müdafiəçisi kimi Roma papasına bir daha müraciət edərək, onu Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır.