Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Kamal Cəfərov Avropa Şurası tərəfindən təşkil olunan Ümumdünya Demokratiya Forumunda iştirak edir.
Xatırladaq ki, dövlət və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə 2012-ci ildən bəri hər il keçirilən Ümumdünya Demokratiya Forumu demokratik cəmiyyət quruculuğu istiqamətində fikir mübadiləsinə xidmət edir. “Demokratiya sülh deməkdirmi?” devizi altında 6-8 noyabr 2023-cü il tarixlərində Strasburq şəhərində keçirilən bu ilki Forum silahlı münaqişələr və demokratiya arasında qarşılıqlı təsir mövzusuna həsr olunub.
Qərbi Azərbaycan İcmasının nümayəndəsi K.Cəfərov Forum çərçivəsində müzakirələrə töhfəsini verərək, Ermənistan hökumətinin oradan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan verməməsinin və həyata keçirdiyi etnik və dini ayrı-seçkilik siyasətinin bu ölkənin demokratiyadan nə qədər uzaq olmasını göstərdiyini vurğulamış və bu siyasətin bölgədə davamlı sülhün bərqərar olmasına mane olduğunu bildirmişdir.
Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına beynəlxalq dəstək əldə etmək üçün bütün müvafiq beynəlxalq formatlarda özünün insan haqları gündəliyini təqdim etməkdə davam edəcək.