Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı “Vətənim Qərbi Azərbaycan” adlı rəsm müsabiqəsi ELAN edir
11 mart 2024, 06:59

VƏTƏNİM QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı müsabiqə elan edir

MÜSABİQƏNİN KONSEPSİYASI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır”. Əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin etmək olan “Qayıdış konsepsiyası”nın qəbulu nəticəsində Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına, Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq qarşıya bir hədəf olaraq qoyulmuşdur.

Məlumdur ki, ermənilər Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irsi tamamilə yer üzündən silmək, onları bir daha bərpa edilməyəcək dərəcədə yox etmək kimi vandallığa yol veriblər və hazırda buna davam edirlər. Lakin mövcud faktlar bu tarix və mədəniyyəti yox etmək istəyən ermənilərin mənfur, beynəlxalq hüquqla qadağan olunmuş cinayətlərini ifşa edir.

Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı Qərbi Azərbaycanın tarix və mədəniyyətinə müraciət etməklə mədəni irs və tarixi abidələrin dağıdılmasına diqqət çəkməklə yanaşı, onları təsviri sənət əsərlərində yaşatmaq imkanlarını nəzərə alaraq “Vətənim Qərbi Azərbaycan” mövzusunda müsabiqə elan edir.

Müsabiqə təsviri incəsənətin rəngkarlıq və qrafika növlərində keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd İrəvan xanlarının portretlərinin, bədii obrazlarının yaradılması, Qərbi Azərbaycanın tarix və memarlıq abidələrinin təsvir müstəvisində yenidən canlandırılmasıdır. Burada diqqət yetirilməli olan əsas məqamlar portret janrında yaradılacaq obrazların realistik üslubda, xanlıq dövrünün geyim, obraz, aksesuar, silah və digər atributlarının tarixi materialları əsaslı şəkildə öyrənilməklə həqiqəti əks etdirməsi, unikal olması, peşəkarlıq baxımından qüsursuz işlənilməsi, xanların obrazlarının xalq təsəvvüründəki ümumi obrazlara uyğunluğu və dövrün tarixi materiallarına cavab verilməsidir.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

  • Qərbi Azərbaycan ərazisində tanınma rəmzlərinə çevrilmiş tarixi abidələr, ziyarətgahlar, tikililər, o cümlədən bölgənin təbiət mənzərələri təsvir müstəvisində əks olunmalı, reallığı əks etdirməli və gerçək tarixə, faktlara söykənməlidir;
  • Əsərlərin ölçüləri rəngkarlıq əsərləri üçün 70 x 90 sm-dən, qrafika əsərləri üçün A3 formatından aşağı olmamalıdır;
  • Müsabiqəyə müxtəlif texnikada, portret və mənzərə janrlarında, fərqli ölçülərdə (yuxarıda göstərilən ölçü tələbləri nəzərə alınmaqla) işlənmiş rəngkarlıq, qrafika əsərləri təqdim olunmalıdır;
  • Əsərlərinin materialı və icra texnikasına dair tələblər: rəngkarlıq əsərləri - kətan üzərində yağlı boya, qrafika əsərləri - kağız və qrafikanın növündən asılı olaraq sərbəst texnikada işlənə bilər;
  • Əsərlər 2024-cü ilin 10 sentyabr tarixinədək Qərbi Azərbaycan İcmasına təqdim olunmalıdır. Sərginin açılış tarixi 2024-cü il 24 sentyabr ayında nəzərdə tutulur;
  • MÜSABİQƏDƏ YER TUTMUŞ VƏ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞ ƏSƏRLƏR, EYNİ ZAMANDA ONLARA DAİR MÜƏLLİF VƏ DİGƏR MÜSTƏSNA HÜQUQLAR QƏRBİ AZƏRBAYCAN İCMASINA VERİLMƏLİDİR;
  • Əsərlər Qərbi Azərbaycan İcmasına çərçivəyə salınmış halda sərgiyə hazır vəziyyətdə təqdim olunmalıdır;
  • İştirakçı rəssamların mükafatları ala bilmələri üçün özlərinə müvafiq banklardan birində hesab açmalı vergi orqanında qeydiyyata (VÖEN) alınmalıdır;
  • Mükafat fondundan mükafat alan rəssamlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq vergi, bank xidmətləri xərclərini özləri ödəməlidir;
  • Müsabiqənin şərtlərinə uyğun gəlməyən əsərlər qəbul olunmayacaq və münsiflər heyətinin baxışına təqdim edilməyəcək.

Qərbi Azərbaycan İcmasının ünvanı: Bakı ş., Gülarə Qədirbəyova küç., 31. Əlaqə telefonu: 012 496 25 47

MÜSABİQƏDƏ KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

22 yaşdan yuxarı, portret və mənzərə janrlarında iş təcrübəsi olan peşəkar rəssamlar müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştrak üçün qeydiyyatdan keçmək vacidbir. Qeydiyyat üçün aşağıdakı məlumatlar göstərilən musabiqe@westaz.org e-mail ünvanına göndərilməlidir:

  • Müəllifin Soy adı, Adı, Atasının adı:
  • Təvəllüd:
  • Əsəri işləyəcəyi emalatxananın (yerin) ünvanı:
  • E-mail ünvanı:
  • Telefon (WhatsApp):
  • Bitirdiyi ali təhsil müəssisəsi və fakültə:

QEYD: Müsabiqədə iştirak üçün qeydiyyatdan keçəcək şəxslərin bundan əvvəlki yaradıcılığı və təcrübəsi, Qərbi Azərbaycanın tarix və mədəniyyəti haqda məlumatlılıq dərəcəsi nəzərə alınacaq və qeydiyyat başa çatdıqdan sonra şəxsin e-mail ünvanına təsdiq məktubu göndəriləcəkdir.

Qeydiyyat başa çatdıqdan sonra müsabiqəyə qatılmaq istəyən rəssamlara yalnız münsiflər heyəti tərəfindən müstəsna hal olaraq limitli sayda icazə verilə bilər.

Qeydiyyatdan keçən şəxslər üçün Qərbi Azərbaycan İcmasında vaxtaşırı görüşlər, mühazirə və müzakirələr keçiriləcək. Onlar Qərbi Azərbaycan həqiqətləri ilə bağlı materiallarla təmin olunacaqlar.

Mükafat fondu:

Rəngkarlıq üzrə:

1-ci yer, 1 nəfər-                                          3 000 AZN

2-ci yer, 1 nəfər-                                          2 000 AZN

3-cü yer, 1 nəfər-                                         1 000 AZN

Həvəsləndirici mükafat, 2 nəfər                    500 AZN

                                                           Cəmi: 7000 AZN

Qrafika üzrə:

1-ci yer, 1 nəfər-                                         2 000  AZN

2-ci yer, 1 nəfər-                                         1 500  AZN

3-cü yer, 1 nəfər-                                        1 000  AZN

Həvəsləndirici mükafat, 2 nəfər                   500  AZN

                                                           Cəmi: 5500 AZN

Yekun: 12 500 AZN

MÜSABİQƏNİN MÜNSİFLƏR HEYƏTİ:

Həmsədrlər:

Fərhad Xəlilov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri

Əziz Ələkbərli, Milli Məclisin deputatı, QAİ-nın İH-nin sədri

Layihə rəhbəri: Qalib Qasımov, sənətşünaslıq üzrə f.d.

Üzvlər: Səlhab Məmmədov, Xalq rəssamı

Ağəli İbrahimov, Xalq rəssamı

Nazim Mustafa, tarix üzrə fəlsəfə doktoru

Sirus Mirzəzadə, Xalq rəssamı

Arif Hüseynov, Xalq rəssamı

Aydın Rəcəbov, Xalq rəssamı

Ziyadxan Əliyev, Əməkdar incəsənət xadimi, sənətşünalıq üzrə f.d.

Ülviyyə Həmzəyeva, Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı

Aytən Muradlı, sənətşünas, ekspert, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının baş müəllimi