Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
2024-cü il fevral ayının 11-də Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan alimlərin görüşü keçirildi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərov görüşdə çıxış edərək əvvəlcə 7 fevral növbədənkənar prezident seçkilərində qazandığı növbəti möhtəşəm qələbə münasibətilə ölkə başçısı cənab İlham Əliyevi Qərbi Azərbaycan İcmasının bütün üzvləri adından təbrik etdi, daha qüdrətli Azərbaycan naminə atacağı hər bir addımda Müzəffər Ali Baş Komandana böyük uğurlar arzuladı.
İdarə Heyətinin sədri Qərbi Azərbaycana qayıdışın bu gün Azərbaycan xalqının ümummilli məsələlərindən olduğunu, indiki Ermənistandan zorla qovulmuş qaçqınlar üçün ata-baba torpaqlarına sülh yolu ilə, ləyaqətli şəkildə dönəcəkləri günü görməyin ən ümdə amal olduğunu qeyd etdi. Bildirdi ki, Basarkeçər rayonundan olan alimlər də, Qərbi Azərbaycan İcmasının ətrafında məhz bu müqəddəs niyyət uğrunda birləşiblər.
Basarkeçər rayon icmasının sədri, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nuru Bayramov çıxışı zamanı alimlərin kəndlər üzrə statistik məlumatlarını təqdim etdi. Qeyd elədi ki, 232 dosent, 72 professor, AMEA-nın 2 müxbir üzvü və 1 akademiki olmaqla Basarkeçər rayonu üzrə ümumilikdə 307 alim haqda məlumatlar toplanmışdır.
Daha sonra söz Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Milli Məclisin Səhiyyə komitəsinin sədri, AMEA-nın akademiki, tibb elmləri doktoru, professor, Polşa Tibb Elmləri Akademiyasının, Rusiya Elmlər Akademiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Əhliman Əmiraslanova verildi. Ə.Əmiraslanov çıxışında Göyçə mahalından olan elm adamlarına, onların elmi araşdırmalarına xüsusi diqqətin göstərilməsinin vacibliyini vurğuladı. Rayonun tarixinin, coğrafiyasının, hazırkı ekoloji durumunun öyrənilməsi üçün alimlər tərəfindən ciddi elmi tədqiqatın aparılmasına, arxiv materiallarının araşdırılmasına ehtiyac olduğunu qeyd elədi. Bununla yanaşı Qərbi Azərbaycan kökənli elm adamlarının geniş məlumatlarının, Basarkeçər rayonu və bütövlükdə Qərbi Azərbaycanla bağlı dolğun informasiyanın vikipediyada və başqa internet resurslarında yerləşdirilməsinin əhəmiyyətinə toxundu. Eyni zamanda Basarkeçər rayonu ilə bağlı yaradılacaq sayt haqqında fikirlərini bölüşdü.
Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Naqif Həmzəyev söz alaraq çıxış etdi. O, Basarkeçər rayonu ilə bağlı yaradılması nəzərdə tutulan saytda rayonun kəndlər üzrə dolğun məlumatların, fotoşəkillərin, elmi məqalələrin və rayonun tarixi, mədəniyyəti ilə bağlı ətraflı məlumatların yer alacağını bildirdi. Naqif Həmzəyev sözügedən məlumatların bir neçə dildə hazırlanmasının önəminə diqqət çəkdi.
Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov çıxışında Basarkeçərin tarixinin, toponimlərinin, folklorunun sistemli şəkildə araşdırılmasının önəmindən bəhs etdi. Q.Qasımov vurğuladı ki, Qərbi Azərbaycanın bütün guşələri kimi Basarkeçər də özünün zəngin irsi ilə seçilir, təəssüf ki, ötən əsrdə dörd dəfə baş verən deportasiyalar maddi və mədəni irsimizə öz ağır təsirini göstərib. O qeyd edib ki, insanların acı qaçqınlıq taleyi mədəni həyatımızdan yan keçməmiş, mədəniyyətimiz itkilər və ermənilər tərəfindən törədilən vandallıq əməlləri ilə üzləşmişdir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə Basarkeçərlə bağlı araşdırmaların sayının artırılmasının önəmindən danışdı. Bu araşdırılmaların aparılmasına hər bir Qərbi Azərbaycanlının verə biləcəyi töhfələri vurğuladı. Eyni zamanda bu tədqiqat işlərinə gənc tədqiqatçıların cəlb olunmasını tövsiyə etdi.
Yazıçı, filoloq alim, Əməkdar jurnalist Akif Əli, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, tibb elmləri doktoru, professor Nəsib Quliyev, Berlin Azad Universitetinin müəllimi, siyasi elmlər doktoru Rizvan Nəbiyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərid Ağayev də çıxış edərək təkliflər səsləndirdilər.
Berlin Azad Universitetinin müəllimi, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirdi ki, Qərbi Azərbaycana qayıdış istiqamətində siyasət, hüquq, tarix sahəsində çalışan alimlərin alman həmkarları ilə birlikdə tədqiqatlar aparması çox müsbət nəticələr verə bilər. R.Nəbiyev alman alimlərin Qərbi Azərbaycan İcmasına dəvət olunması və onlarla birgə müzakirələrin aparılması kimi təkliflərini səsləndirdi. R.Nəbiyev alman alim Mixael Hessin Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda deportasiyalar, sürgünlərlə bağlı əsərlərin müəllifi olduğunu vurğulayaraq, Şuşanın irsi ilə bağlı 1500-dən çox sitatın yer aldığı kitabı İcmanın kitabxanasına bağışladı.