
Qərbi Azərbaycan İcması
7 mart 2025-ci il tarixdə Qərbi Azərbaycan İcmasında Axta rayonu və rayon kəndlərinin sakinləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın fəaliyyəti, rayon və kənd icmalarının formalaşma prosesi və Qayıdış Konsepsiyası ilə bağlı geniş məlumat verib.
Daha sonra çıxış edən Axta rayon icmasının sədri Sabir Mahmudov, rayonun tarixi, əhalisinin deportasiya zamanı yaşadığı çətinliklər barədə ətraflı məlumat verib. Bildirib ki, digər rayon icmaları kimi Axta rayon İcması da Qərbi Azərbaycandakı ata-baba yurdlarına qayıdışı səbirsizliklə gözləyir.
Axta icmasının nümayəndələri kəndlərinin tarixi və əhalisi haqqında danışaraq, deportasiya nəticəsində ata-baba yurdlarından didərgin düşdüklərini, bir çox soydaşlarının vətən həsrəti ilə dünyasını dəyişdiyini kədərlə qeyd ediblər. Onlar, digər qərbi azərbaycanlılar kimi, qayıdışın mütləq baş tutacağına inandıqlarını və doğma torpaqlara qovuşmağı böyük ümidlərlə gözlədiklərini bildiriblər.