Qərbi Azərbaycan İcması
Doğma torpaqlara qayıdış uğrunda Qərbi Azərbaycan İcmasının yerli strukturlarının təşkilatlanması prosesi davam edir. Bu məqsədlə Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqi, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində İcmanın binasının açılış mərasimində çıxışını əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq İcmanın bugünə qədərki fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə çıxış edib. Bildirib ki, digər rayon və kənd icmaları kimi Basarkeçər icmasının üzvləri də ata – baba yurdlarımıza – Qərbi Azərbaycana qayıdacaqları günü səbirsizliklə gözləyir.
Sədr bildirib ki, yerli icmaların məqsədi Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirməkdir. Əziz Ələkbərli daha sonra Basarkeçər rayonu üzrə icmanın sədri, bu rayonun Nərimanlı kəndinin yetirməsi, alim, cərrah, transplantoloq, hepatoloq, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvi Nuru Yusif oğlu Bayramovu toplantı iştirakçılarına təqdim edib.
Daha sonra çıxış üçün söz Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik, Basarkeçər rayonun Zod kəndindən olan Əhliman Əmiraslanova verilib. Rayon icma sədri professor N. Bayramovu təbrik edən çıxışçı, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin tarixi və nəticələri haqqında məlumat verib. Akademik Ə.Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsinin tarixi hadisə olduğunu qeyd edərək, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə geri qayıdışı ilə bağlı haqq-ədalətin öz yerini tapacağına inandığını bildirib.
Sonra çıxış edən Nuru Bayramov, Basarkeçər rayonunun İcma sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib. O, rayon icmasının sədri kimi qayıdış ideyası uğrunda fəaliyyətə öz töhfəsini vermək üçün əlindən gələni edəcəyini bildirib.
Milli Məclisin deputatı, Basarkeçər rayonunun Aşağı Şorca kəndindən olan Sahib Alıyev çıxış edərək doğma yurd yerləri ilə bağlı xatirələrini və qayıdış ideyasının reallaşdırılmasına dair fikirlərini bölüşüb.
İclasda Basarkeçər rayon icmasının kənd icma sədrləri müəyyənləşdirilib, Basarkeçər rayonundan deportasiya olunmuş şəxslərin siyahılarının tamamlanması və digər təşkilatı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.