Qərbi Azərbaycan İcması
Oktyabrın 14-də Qərbi Azərbaycan İcmasında (QAİ) İlham Əliyevin Prezident seçilməsinin 20 illiyinə həsr olunmuş tədbir təşkil olunub.
Qərbi Azərbaycan İcması mərkəzi orqanlarının rəhbərlərinin iştirak etdiyi iclasda çıxış edən QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi siyasətin torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndiyini bildirib: “Bəzi ölkələr isə 30 il ərzində əl-ələ verib Qarabağın işğalda qalması üçün səy göstərirdilər. Amma Prezident İlham Əliyev Azərbaycanı bütün sahələr üzrə elə güclü və qüdrətli dövlətə çevirdi ki, ölkəmizə qarşı planlaşdırılan bütün məsələlər iflasa uğradı”.
O qeyd edib ki, İlham Əliyevin 20 il öncə Prezident seçilməsi tarixi hadisədir.
Əziz Ələkbərli Prezident İlham Əliyevin 20 il ərzində həyata keçirdiyi layihələrə nəzər salıb və bu işlərin Azərbaycanın hazırkı inkişafına zəmin yaratdığını vurğulayıb.
Çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, ölkə iqtisadiyyatının gücləndirilməsi Zəfərə gedən yolun əsasını təşkil edirdi: Buna görə də Prezident İlham Əliyev regionlarımız ilə Bakı arasındakı fərqi aradan qaldırdı. Bu da ölkədəki bütün şəhər və rayonların inkişafına zəmin yaratdı”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev ərazilərimizdən keçən nəqliyyat dəhlizlərinin inkişaf etməsinə öz töhfəsini verərək, onun potensialını daha da artırdı.
“Ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet məsələlərdən biri idi ki, buna da nail olduq.
Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişaf konsepsiyası hazırlanıb həyata keçirilməyə başlanıldı. Qeyd edə bilərik ki, Azərbaycanda ümumi daxili məhsul və valyuta ehtiyatları dəfələrlə artıb. İqtisadi imkanların artması da ordu quruculuğunu daha da gücləndirdi”, - deyə o vurğulayıb.
QAİ Müşahidə Şurasının sədri, professor Misir Mərdanov İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev 200 illik problemi həll edərək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışı zamanı deyib ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasət kursunu davam etdirərək onun arzularını həyata keçirdi.
Onun sözlərinə görə, aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafını bu gün yüksək səviyyəyə qaldırıb: “Tibb sahəsində yüksəkixtisaslı kadrların hazırlanması da səhiyyəmizin inkişafına təkan verən məsələlərdəndir”.
Deputat əlavə edib ki, son iyirmi ildə ölkədə 750-dən çox tibb müəssisəsi inşa olunub: “Ölkə səhiyyəsinin uğuru kimi icbari tibbi sığortanı da qeyd etmək olar”.
Əhliman Əmiraslanov bildirib ki, hazırda Azərbaycan səhiyyəsinin qarşısında duran ən mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə dağıdılmış səhiyyə müəssisələrinin bərpa edilməsidir: “Şuşada xəstəxana kompleksinin inşası bitmək üzrədir. Bu istiqamətdə işğaldan azad olunmuş digər ərazilərimizdə də uğurlu addımlar atılır”.
QAİ Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov Prezident İlham Əliyevin Azərbaycanda uğurlu təhsil siyasəti yaratdığını vurğulayıb. O, dövlətimizin başçısının təhsilin inkişafındakı rolundan bəhs edib.
QAİ Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə son 30 ildə büdcə gəlirlərinin artırılmasına, yoxsulluğun azaldılmasına və qeyri-neft sektorunun inkişafına diqqət çəkib.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 20 il ərzində bütün resursların səmərəli istifadə edilməsinin bugünkü inkişafa gətirib çıxardığını deyib. O, Azərbaycanda idman və mədəni tədbirlərin keçirilməsində birinci xanım Mehriban Əliyevanın səmərəli fəaliyyətindən danışıb, UNESCO və ICESCO-da gördüyü işlərdən bəhs edib.
QAİ Ziyalılar Şurasının sədri Elxan Hüseynov Prezident İlham Əliyevin xarici siyasət kursu haqqında fikirlərini bölüşüb. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdə dövlətimizin başçısının zərgər dəqiqliyi ilə həyata keçirdiyi məsələlərdən bəhs edib.