Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD Azərbaycan) nümayəndələri arasında görüş keçirildi.
İdarə Heyətinin sədri Əziz Ələkbərli qonaqları salamlayaraq Qərbi Azərbaycan İcması barədə ətraflı məlumat verdi, soydaşlarımızın geri qayıdışı istiqamətində aparılan işlərə toxundu. Bildirdi ki, İcma istər ölkə daxilində, istərsə də beynəlxalq ictimaiyyət səviyyəsində öz torpaqlarından zorla qovulmuş Qərbi Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı uğrunda apardığı intensiv işini davam etdirir. Bu baxımdan, dərnəyin nümayəndələri ilə bugünkü təmasın əhəmiyyətli olduğunu diqqətə çatdıran sədr İcmanın digər təşkilatlarla da əməkdaşlığına dair qısa məlumat verdi.
MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli təmsil etdiyi Qeyri Hökumət Təşkilatı adından görüş üçün İcma rəhbərliyinə təşəkkür edərək dərnək barədə ətraflı bəhs etdi. Bildirdi ki, 9 may 1990-cı ildə İstanbulda qurulan, Türkiyədə 84, 81 fərqli ölkədə isə ümumilikdə 165 məntəqədən ibarət dərnək Qərbi Azərbaycanlıların haqq işinə dəstək verməyə hazırdır və bununla bağlı müzakirələrin davam etdirilməsi üçün addımlar atılacaq.
QAİ Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov bildirdi ki, Azərbaycandakı yerli icmaların Qərbi Azərbaycan İcması ətrafında sıx birləşməsi ilə yanaşı diasporumuzun da bu birlikdə yaxından iştirak etməsi böyük önəm daşıyır. Bu baxımdan bu günkü görüş sözügedən istiqamətdə atılan daha bir addım ola bilər.
QAİ İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək bu günlərdə Türkiyənin Qars şəhərinə olan səfərini xatırlamaqla qardaş Türkiyənin həmin bölgələrində də çoxsaylı Qərbi azərbaycanlıların olduğunu, MÜSİAD tərkibində olan iş adamları kimi onların da iş adamlarının bu prosesdə yaxından iştirak etmək üçün fəaliyyət göstərdiklərini vurğuladı.
QAİ Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva çıxış edərək təmsil etdiyi şuranın üzvlərinin də sözügedən əməkdaşlıqla bağlı verə biləcəyi töhfələrdən bəhs etdi.
Hər iki tərəfdən çıxış edən digər iştirakçılar da QAİ və MÜSİAD Azərbaycan arasında bundan sonra əməkdaşlığın daha sıx formada həyata keçirilməsinin konturlarını müzakirə etdilər, işçi qrupunun yaradılması, gələcək əməkdaşlıq imkanlarının təhlilinə və təkliflərin hazırlanmasına dair razılıq əldə olundu.
Sonda xatirə şəkli çəkdirildi.