Qərbi Azərbaycan İcması
23 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında filologiya elmləri doktoru, professor Aslan Bayramovun müəllifi olduğu “Qərbi Azərbaycanın Ağbaba mahalı: Böyük Təpəköy və Kiçik Təpəköy kəndlərinin etnotarixi yaddaşı” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Ağsaqqallar və Ziyalılar Şuralarının üzvləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimini giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, son bir ayda Qərbi Azərbaycana qayıdışla bağlı üç festival keçirilib. Birincisi Şamaxı rayonunda Ağbaba mahalının Ellər Oyuğu kənd icmasının təşəbbüsü ilə Şamaxı rayonunun Qızmeydan kəndində, ikincisi Naxçıvan Respublikasının Ordubad rayonunda, üçüncüsü isə Göygöl rayonunun Yeni Zod kəndi yaxınlığında Xan yurdu yaylağında və bu festivallar Qərbi Azərbaycana Qayıdış məsələsinin auditoriyalardan çıxaraq bütün ölkədə kütləviləşməsini təsdiq edir. Xüsusilə Qərbi Azərbaycan İcmasının Göygöl Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi “Qərbi Azərbaycan İrsi – Tarixi Köklərə Qayıdış” festivalı Gəncəbasar bölgəsində böyük əks-səda verib, festival Qərbi Azərbaycan irsinin yaşadılması və təbliği istiqamətində mühüm hadisə olub və tədbirin iştirakçılarının ümumi razılığı ilə həmin festivalın bu bölgədə hər il keçirilməsi qərara alınıb.
Çıxışına davam edən İcma sədri bildirib ki, bugünkü tədbirdə təqdim olunan kitab Ağbaba mahalının Böyük Təpəköy və Kiçik Təpəköy kəndlərinin tarixi, etnoqrafiyası və milli yaddaşını özündə əks etdirən dəyərli nəşrdir.
O, diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının yarandığı gündən qarşıya qoyduğu əsas məqsədlərdən biri tarixi torpaqlarımızla bağlı həqiqətlərin araşdırılması, qorunması və geniş təbliğidir. Bu istiqamətdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi, yaşayış məntəqələri, görkəmli şəxsiyyətləri və milli yaddaşı ilə bağlı kitabların nəşrinə xüsusi önəm verilir.
İdarə Heyətinin sədri qeyd edib ki, son dövrlərdə Qərbi Azərbaycanın ayrı-ayrı kəndlərinə həsr olunmuş kitabların hazırlanması sevindirici haldır və bu əsərlərin həmin kəndlərdən çıxmış alimlər tərəfindən yazılması onların elmi və mənəvi dəyərini daha da artırır. O vurğulayıb ki, belə nəşrlər tarixçilər, dilçilər, etnoqraflar, memarlıq və mədəniyyət tədqiqatçıları üçün mühüm mənbə rolunu oynayır.
Əziz Ələkbərli ömrünü Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və təbliğinə həsr etmiş alimlərdən biri kimi, professor Aslan Bayramovun xidmətlərini xüsusi vurğulayaraq, təqdim olunan kitabın bu istiqamətdə mühüm töhfə olduğunu bildirib. O, həmçinin Ağbaba mahalının ağsaqqalı kimi uzun illər böyük xidmətlər göstərmiş akademik Abel Məhərrəmovun fəaliyyətini yüksək qiymətləndirərək onun Qərbi Azərbaycan məsələsinin təbliği və təşkilatlanmasındakı rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, kimya elmləri doktoru, akademik Abel Məhərrəmov kitabın Ağbaba mahalının Böyük Təpəköy və Kiçik Təpəköy kəndlərinin keçmişinin elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin sistemli şəkildə toplanması və nəşr olunması milli yaddaşın qorunması baxımından olduqca vacibdir.
Akademik Abel Məhərrəmov vurğulayıb ki, Ağbaba mahalı Azərbaycan xalqının qədim yurd yerlərindən biridir və bu bölgənin tarixinin, etnoqrafiyasının, folklorunun, toponimlərinin və görkəmli şəxsiyyətlərinin öyrənilməsi gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır. O bildirib ki, bu kimi kitablar təkcə keçmişi öyrənmək üçün deyil, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsi baxımından qiymətli mənbələrdir.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında qeyd edib ki, kitabda yer alan faktlar və sənədlər Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır və milli yaddaşın qorunmasına xidmət edir.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Avtandil Məmmədov kitabın zəngin faktoloji materiallara söykəndiyini, Ağbaba mahalının tarixi və mədəni irsinin öyrənilməsi üçün dəyərli elmi mənbə olduğunu bildirib.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurası sədrinin müavini, professor Fərrux Rüstəmov isə qeyd edib ki, əsər Ağbaba mahalının etnotarixi yaddaşının sistemli şəkildə öyrənilməsi istiqamətində mühüm tədqiqat işidir və gənc nəslin öz tarixi köklərini daha yaxından tanımasına xidmət edir.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Əzəmət Rüstəmov çıxışında kitabın Böyük Təpəköy və Kiçik Təpəköy kəndlərinin tarixi keçmişini, adət-ənənələrini və mənəvi dəyərlərini əhatəli şəkildə əks etdirdiyini vurğulayıb.
Sonda kitabın müəllifi, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Aslan Bayramov çıxış edərək kitabın ərsəyə gəlməsi prosesindən danışıb. Müəllif bildirib ki, əsərin əsas məqsədi Böyük Təpəköy və Kiçik Təpəköy kəndlərinin tarixini, etnoqrafiyasını, toponimlərini və sakinlərinin yaddaşında yaşayan xatirələri gələcək nəsillərə çatdırmaqdır. O, kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirin sonunda iştirakçılar kitabın Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.