Qərbi Azərbaycan İcmasında “Şairlər yurdu, aşıqlar diyarı” kitabının təqdimatı keçirilib
22 iyun 2023, 12:00

Qərbi Azərbaycan İcmasında Göyçə mahalının Basarkeçər rayonunun Kərkibaş kəndinin ziyalısı Əmiraslan Cəfərovun (Əmiraslan Göyçəli) "Şairlər yurdu, aşıqlar diyarı. Çuxuryurd-Göyçə-Basarkeçər" kitabının təqdimatı olub. Təqdimat mərasimində ziyalılar, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək əvvəlcə icmanın fəaliyyəti və qarşıda duran vəzifələr barədə qısa məlumat verib. İcma sədri müəllifi təbrik edərək kitabı yüksək qiymətləndirdirib.

Tədbirdə Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri İbrahim Bayramov, BŞTİ-nin ümumi sektor müdiri Sevinc Rəsulova, filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı, folklor toplayıcısı və tərtibçisi Tacir Səmimi, BDU-nin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müəllimi Aqil Məlikov çıxış edərək müəllifin yeni kitabınının elmi-ictimai dəyəri haqqında ətraflı məlumat veriblər.

Daha sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli kitabın müəllifi Əmiraslan Göyçəliyə və digər qonaqlara Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı İcmanın xatirə hədiyyələrini təqdim edib.

Tədbirə aşıqların çıxışları ilə yekun vurulub.