Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasında səhiyyə sahəsində görkəmli təşkilatçı, Əməkdar həkim, ictimai xadim, Azərbaycan SSR Ali Sovetinin deputatı, II Dünya Müharibəsinin iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın 120 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.
Əvvəlcə Şamama xanım Ələsgərovanın keçdiyi şərəfli həyat yolu və misilsiz nailiyyətlərindən bəhs edən videoçarx təqdim olunub.
Konfransı giriş sözü ilə açan QAİ Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Şamama Ələsgərovanın zəngin səhiyyə irsinə və ömür yoluna toxunaraq bildirib ki, Şamama xanım səhiyyə sahəsində tədqiqatlarını əsasən, ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr etmiş, respublikamızda malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərinin fəallarından biri olub.
Məlahət İbrahimqızı qeyd edib ki, Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olan Ş.Ələsgərova ilk təhsilini gimnaziyada alıb, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1941-ci ildə cəbhəyə yollanan cəsarətli və nümunəvi həkim 1958-ci ildə "Səhiyyə əlaçısı", iki il sonra respublikanın Əməkdar həkimi adına layiq görülüb. Məlahət İbrahimqızı vurğulayıb ki, şərəfli və zəngin yol keçmiş Azərbaycan səhiyyəsi Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov Şamama xanımın səhiyyə sahəsində əldə etdiyi uğurların nümunəvi xarakter daşıdığını vurğulayıb. Əhliman Əmiraslanov bildirib ki, Əmək fəaliyyətinə məhz müharibə illərindən başlayan Ş.Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi vəzifələrində çalışmış, 1945-ci ildən etibarən ömrünün sonunadək (02.06.1977) N.Krupskaya adına 5 saylı doğum evinin (hal-hazırda həmin doğum evi Şamama Ələsgərovanın adını daşıyır) baş həkimi olub. 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı alan Ş.Ələsgərova Azərbaycanda bu yüksək ada layiq görülən ilk səhiyyə işçisi olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şamama xanımın öz işinin xüsusi incəliklərinə yaxşı bələd olduğunu, bu gün də tibb sahəsində onun təcrübəsindən geniş istifadə edildiyini vurğulayıb. Zaur Əliyev Şamama xanımın fədakarlığı və əzminin hər zaman yaddaşlarda qalacağını qeyd edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Şamama Ələsgərova, sadəcə bir həkim deyil, həm də səhiyyə sahəsində təşkilati işləri ilə fərqlənən, yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət idi. Şamama Ələsgərova II Dünya Müharibəsi zamanı 416-cı Taqanroq diviziyasında tibbi briqadaya rəhbərlik edərək yaralı əsgərlərə yardım göstərib, insanların həyatını qorumaq üçün yorulmadan çalışıb. O, vurğulayıb ki, qələbə ilə başa çatan Vətən müharibəsində də qadın həkimlərimiz böyük cəsarətlə vəzifələrinin öhtəsindən şərəflə gəlmiş və öz adlarını Şamama xanımın davamçıları kimi Zəfər tariximizə yazdırıblar.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor, ictimai xadim Dilarə Seyidzadə bildirib ki, Qərbi Azərbaycanın İrəvan şəhərindən olan Şamama Ələsgərova cəsur və savadlı səhiyyə işçisi olmaqla yanaşı yüksək insani keyfiyyətlərə malik olub, əsl Azərbaycan xanımına xas xüsusiyyətləri özündə birləşdirib.
Şamama Ələsgərovanın nəvəsi, professor Lalə Cəfərova Şamama xanımla bağlı xatirələrini bölüşərək deyib ki, belə bir parlaq şəxsiyyətin nəvəsi olmaqdan qürur duyur. O, bildirib ki, Şamama xanım ictimai işlərdə də yüksək fəalllıq göstərib, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olub, "Şərəf nişanı" ordeni və digər medallarla təltif edilib. Lalə Cəfərova həmçinin konfransın təşkilatçılarına təşəkkürünü də bildirib.