Qərbi Azərbaycan İcmasında təşkilatın mərkəzi orqanlarının rəhbərlərinin iclası keçirilib
13 yanvar 2025, 10:23

Yanvarın 9-da Qərbi Azərbaycan İcmasında təşkilatın mərkəzi orqanlarının rəhbərlərinin iclası keçirilib.


Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi Azərbaycanla bağlı məsələnin, o cümlədən Qayıdış hüququna dair məqamların xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu sahədə əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edib.


Ə.Ələkbərli İcmanın 2025-ci ildə soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə və təhlükəsizlik şəraitində geri qayıdışı istiqamətində fəaliyyətini daha da gücləndirəcəyini və bu məqsədlə həm ölkə daxilində, həm də xaricdə intensiv işlər görüləcəyini bildirib.

Sədr həmçinin Gənclər Şurasının fəaliyyətinin gücləndirilməsi və bu istiqamətdə əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Tədbirdə İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov və digərləri çıxış edərək tədbirlər planında əks olunan məsələlərlə bağlı təkliflərini səsləndirib, cari məsələlər ətrafında müzakirələr aparıblar.