Qərbi Azərbaycan İcması
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri dos.dok. Cahit Bağcı onu müşaiyət edən Səfirliyin müstəşarı Zeynep Kıvılcım və III katib Gencehan Babişlə birlikdə Qərbi Azərbaycan İcmasını yeni binasında ziyarət etmişdir. Səfir Bağcı İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli və üzvlərlə görüş keçirmiş, İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat almışdır.
Görüşdə İcmanın əsas orqanlarının rəhbərləri - İdarə Heyətinin (İH) sədri Əziz Ələkbərli, İH sədr müavini Ramil Həsən, Müşahidə Şurasının sədri akademik Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və Gənclər Şurasının sədri Ramin Məmmədov iştirak ediblər.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanı ilk ziyarət edən xarici dövlətin təmsilçisinin Türkiyənin Səfirinin olmasından şad olduğunu bildirib. Türkiyəli diplomata ötən əsr boyunca dörd dəfə, 1905-06, 1918-20, 1948-53 və 1988-91-ci illərdə azərbaycanlıların öz ata-baba yurdundan, indi Ermənistan adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə məlumat verib.
Görüş zamanı səfirin diqqətinə çatdırılıb ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir və onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdə davam edir.
Qeyd olunub ki, qovulmuş azərbaycanlıların Ümumdünya İnsan haqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.
Səfir Bağcı verdiyi açıqlamada Türkiyənin Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə çatdırılan qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduğunu, bundan sonra da olmağa davam edəcəyini bildirmişdir.
Səfir Bağcı daha sonra İcmanın inzibati binası ilə tanış olmuşdur.