Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” beynəlxalq elmi konfrans keçirilib
04 may 2024, 17:40

4 may 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” beynəlxalq elmi konfrans keçirildi. Tədbirdə QAİ-nin Mərkəzi orqanlarının rəhbərləri, müavinləri, tanınmış hüquqşünaslar və nüfuzlu icma üzvləri iştirak etdi.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoyması, öz el – obasından zorla çıxarılan soydaşlarımıza qayğısı və xüsusi diqqətindən bəhs edib. Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyən etməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində öz dəstəyini göstərməkdədir.

Konfransda Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi məsələlərin araşdırılması, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnun əsaslarına dair elmi mülahizələr dinlənildi. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin edilməsini əsas hədəf kimi bəyan etmiş Qayıdış Konsepsiyasının müddəalarının həyata keçirilməsini mümkün edən müasir beynəlxalq hüquqi alətlərdən istifadə yollarından bəhs edildi.