Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasında “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfrans keçirilib.
Tədbir zamanı bildirilib ki, bu il İrəvan Qızlar Gimnaziyasının yaradılmasından 140 il ötür. İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qızlar məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Vorontsovun xanımı Yelizaveta Vorontsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilmişdir. 9 iyul 1884-cü ildə bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 30 may 1898-ci ildə isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrilmişdi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916–1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi. İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris etmişdir.
Ardınca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək qadınların və uşaqların təhsilinin cəmiyyətin ən ümdə məsələlərindən olduğunu qeyd edib, ölkəmizdə daim təhsilə böyük önəm verildiyini, daha yaşıl dünya üçün təhsilin, məlumatlılığın rolunun misilsiz önəmi olduğunu vurğulayıb.
Tədbirdə “Qərbi Azərbaycanda milli maarifçilik mühitinin formalaşmasında azərbaycanlı ziyalı qadınların rolu” mövzusunda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova bildirib ki, 140 il öncə İrəvanda Qızlar Gimnaziyasının yaranması tarixi hadisə olmaqla həm də Azərbaycan qadın hərəkatının qürurverici səhifələrindən biri kimi nəzərdən keçirilir. Bundan başqa bu gimnaziyanın nümayəndələrinin də payına deportasiyanın acı nəticələrini yaşamaq düşüb. Qərbi Azərbaycanlıların ötən əsr boyunca yaşadığı 4 deportasiya soydaşlarımızın təhsilinə də zərərsiz ötüşməyib.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, QAİ Ziyalılar Şurası sədrinin müavini Fərrux Rüstəmov “İrəvan Müəllimlər Seminariyasının pedaqoji fikir tariximizdə rolu”, QAİ Ağsaqqallar Şurasının üzvü professor Həsən Bayramov “İrəvan Pedaqoji Məktəbinin xələfi: Xanlar Pedaqoji məktəbi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, QAİ Qadınlar Şurasının üzvü dosent Könül Həsənova “İrəvan azərbaycanlı Pedaqoji Məktəbinin qadın məzunları”, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, QAİ Nəzarət-Təftiş Komissiyasının üzvü Filologiya elmləri üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev “Qərbi azərbaycanlı maarifçi qadınların Cənubi Qafqazın ədəbi mədəni mühitinin inkişafına töhfələri” mövzularında çıxış ediblər.
Tədbirdə həmçinin “Müstəqil Azərbaycanda təhsil ümummilli məsələ kimi”, “Yaşıl dünya: Ətraf mühitin qorunmasında qadınların rolu”, “ Təhsilli qadın təhsilli gələcəkdir” mövzuları ətrafında çıxışlar edilib, fikir mübadilələri aparılıb.