Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə bir qrup ekspertinin 2023-cü il 7 avqust tarixli qərəzli bəyanatını qınayır.
“Blokada”, “humanitar böhran” kimi uydurma məqamların öz əksini tapdığı bəyanatın məzmunu onu deməyə əsas verir ki, BMT ekspertləri münasibət ifadə etdikləri məsələdən tamamilə bixəbərdirlər.
BMT-nin insan hüquqları üzrə ekspertlərinin Davranış Məcəlləsinə (Code of Conduct) əsasən, onların bütün açıqlamaları faktlara, sübutlara, etibarlı mənbələrə əsaslanmalıdır. Bu mənada, İcma ekspertlərin Davranış Məcəlləsini pozaraq son vaxtlar bəzi dairələr tərəfindən aparılan anti-Azərbaycan kampaniyasının qurbanına çevrilməsindən təəssüflənir.
Qərbi Azərbaycan İcması BMT ekspertlərini Davranış Məcəlləsinə uyğun olaraq öz müstəqilliklərini, qərəzsizliklərini qorumağa çağırır. İcma Ermənistan tərəfindən öz doğma yurdlarından deportasiya olunmuş, lakin bu günə qədər də beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin diqqətini çəkmədiyi qərbi azərbaycanlıları öz sıralarında birləşdirən bir İcma olaraq insan hüquqlarına münasibətdə ikili standartların, siyasiləşdirilmənin qəbuledilməz olduğunu vurğulayır.
BMT-nin insan hüquqları üzrə ekspertlərinin açıqlamasında bir sıra lüzumsuz siyasi mesajların yer alması bir daha onların öz mandatlarını aşdığını, kənardan təlimat aldıqlarını göstərir. Bu xüsusda, İcma BMT ekspertlərini insan hüquqları üzrə mandat daşıyıcıları sistemini gözdən salmamağa çağırır.
Qərbi Azərbaycan İcması BMT ekspertlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, yanlış terminologiya və toponimlərdən istifadə etməməyə çağırır.