Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 13-14 mart 2024-cü il tarixlərində keçirilən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə Forumunda iştirak edir.
Sülhpərvər və inklüziv inkişafın təşviqinə xidmət edən 16-cı dayanıqlı inkişaf məqsədinin yerinə yetirilməsinə həsr edilmiş paneldə çıxış edən Ramil Həsən, sözügedən dayanıqlı inkişaf məqsədinin yerinə yetirilməsində əsas çətinliklərdən olan köçkünlük probleminə toxunub. Ermənistanın öz ərazisindən 300 min olmaqla ümumilikdə bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması haqqında məlumat verən İcma nümayəndə bu ölkənin 16-cı dayanıqlı inkişaf məqsədinin əsas hədəfi olan sülhpərvər və inklüziv cəmiyyət quruculuğundan çox uzaq olduğunu bildirib.
Ramil Həsən Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şərait yaradılmasının beynəlxalq insan hüquqlarının bir tələbi olmaqla bərabər, bölgədə dayanıqlı inkişaf və sülhə xidmət edən mühüm amal olduğunu vurğulayıb və beynəlxalq ictimaiyyəti bu məsələyə dəstək verməyə çağırıb.