Qərbi Azərbaycan İcması
25 iyun 2023-cü il tarixində Goranboy şəhərində Naftalan şəhəri və Goranboy rayonu üzrə Qərbi Azərbaycan İcmasının nümayəndəliyinin açılış mərasimi baş tutub. Mərasim iştirakçıları Goranboy şəhərində Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Daha sonra İcmanın yeni nümayəndəliyinin otaqlarına baxış keçirilib, burada yaradılan şəraitlə tanış olunub.
Ardınca Goranboy İdman Kompleksində 300 nəfərə yaxın Qərbi Azərbaycanlı ilə görüş keçirilib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Görüşdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov açılış nitqi ilə çıxış ediblər.
Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın strukturu, məqsədi, bu günə qədər göstərdiyi uğurlu fəaliyyəti barədə danışıb. Sədr bildirib ki, Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi, onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda da uğurlu fəaliyyət göstərir. Əziz Ələkbərli son 200 ildə Qərbi Azərbaycanlıların üzləşdiyi ağrı-acını, ötən əsrdə dörd dəfə kütləvi deportasiyaya uğramalarını dilə gətirərək Qərbi Azərbaycanlıların öz yurd-yuvalarına qayıdışının onların təməl hüquqları olduğunu bildirib. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının digər üzvləri – İcma sədrinin müavini, millət vəkili Ramil Həsən, Ağsaqqallar Şurasının sədri, millət vəkili Əhliman Əmiraslanov, Gənclər Birliyinin üzvü, millət vəkili Naqif Həmzəyev, Gənclər Birliyinin üzvü, millət vəkili Anar Məmmədov nümayəndəliyin işinə uğurlar arzulayaraq bu kimi addımların davamlı olmasını diləyiblər.
Qərbi Azərbaycan İcmasının Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəsi Nurəddin Həsənov ictimaiyyətə təqdim olunub. Nurəddin Həsənov çıxış edərək ona göstərilən etimada görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə öz təşəkkürünü bildirib.
İcmanın yerli nümayəndəliyi həmin rayonlarda yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviq edilməsi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliğ edilməsi sahəsində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.