Qərbi Azərbaycan İcmasının sədrindən təşəkkür
22 oktyabr 2024, 13:52

Milli Məclisin iclasında çıxış edən deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında xatırladıb ki, 200 il bundan əvvəl Cənubi Qafqaza köçürülüb gətirilən ermənilərin və onların havadarlarının xalqımıza qarşı düşmənçilik hərəkətləri nəticəsində xalqımız bu 200 il ərzində saysız-hesabsız məhrumiyyətlərə, deportasiya və soyqırımlarına məruz qalıb.

“Torpaqlarımız zəbt olunmuş, insanlarımız öldürülmüş, yurd-yuvasından didərgin salınıb. Yalnız 4 il bundan əvvəl – 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin bir günlük antiterror əməliyyatı nəticəsində bu bədnam siyasət durdurulmuş, düşmən öz layiqli cəzasını alıb. Lakin sonrakı hadisələr sübut elədi ki, düşmən bu müharibədən nəinki heç bir nəticə çıxarmayıb, xalqımıza qarşı mina terrorunu və informasiya müharibəsini bu gün də davam etdirir, sürətlə silahlanır. Bu münaqişənin əvvəlində Qərbi Azərbaycandan vəhşicəsinə qovulub çıxarılmış azərbaycanlıların geriyə – öz doğma evlərinə qayıtmağına belə razılıq vermirlər”. Ə.Ələkbərli qeyd etdi ki, belə həlledici məqamda – 2022-ci il dekabrın 24-də cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına gəlişi və oradakı tarixi çıxışı soydaşlarımızın Qərbi Azərbaycana qayıdış mübarizəsində yeni səhifə açmış oldu: “Cənab Prezidentin diqqət və qayğısı, ələlxüsus bu məsələni ən mötəbər beynəlxalq formatlarda qaldırması Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə siyasi və insan hüquqları kontekstində ciddi şəkildə qəbul olunmasını təmin edib. Bu, ümummilli məsələdə Milli Məclisin fəaliyyəti də diqqətçəkəndir. Təkcə onu xatırlatmaq kifayətdir ki, keçən il Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə dinləmə keçirilib, qayıdışımızın müxtəlif aspektləri geniş müzakirə olunub. Deputatlarımız dəfələrlə Qərbi Azərbaycana qayıdış ideyası ilə bağlı çıxışlar ediblər”.

Ə.Ələkbərli dedi ki, dünən Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarova Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılması barədə Sərəncam imzalayıb: “Mən İcmamız adından hörmətli xanım Sədrə təşəkkür edirəm, möhtərəm Prezidentimizi, xanım Sədri və bütün Azərbaycan xalqını əmin edirəm ki, bu Qrup ümummilli maraqlar naminə qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq”.

Sahibə Qafarova çıxışa reaksiyasında bildirdi ki, bütün təşəkkürlər cənab Prezidentə ünvanlanmalıdır.