Qərbi Azərbaycan İcması
Naftalan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan: tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Qərbi Azərbaycan İcmasının Goranboy-Naftalan üzrə nümayəndəsi Nürəddin Həsənov, Gəncə Dövlət Universitetinin professoru, fizika riyaziyyat elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Orucəli Rzayev, müstəqil ekspert, iqlimşünas İsa Əliyev, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Qərbi Azərbaycandan zorla deportasiya edilmiş və Naftalanda məskunlaşmış bir qrup ziyalı, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlarla, daha sonra Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər, soyqırımının tarixi ilə bağlı videoçarx nümayiş olunub.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycanlılara qarşı əsrlər boyu törədilən bəşəri cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində tədbirlər həyata keçirilib, hər zaman diqqət mərkəzində saxlanılıb.
Həmçinin, Dəyirmi masa ətrafında icmanın fəaliyyəti ilə bağlı tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Sonda tədbir iştirakçıları Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi diqqətə və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi yüksək dəstəyə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.