“Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar” mövzusunda tədbir keçirilib
21 aprel 2025, 15:19

21 aprel 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ardınca Ümummilli Liderin şərəfli həyat yolunu əks etdirən foto-eksponatlara baxış keçirilib. Daha sonra Qərbi Azərbaycanın mədəni irsini, tarixini, deportasiya prosesini və Qarabağın Zəfər təntənəsini əhatə edən fotoşəkillərdən və kitablardan ibarət sərgi ilə tanışlıq olub.

Tədbir Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun açılış nitqi ilə başlayıb. O, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı gerçəklərin geniş ictimaiyyətə çatdırılmasının önəmini vurğulayıb, Naftalanda keçirilən sözügedən tədbirin bu istiqamətdə mühüm halqa olduğunu qeyd edib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanla bağlı görülən işlər, soydaşlarımızın başlarına gələn ağrı-acılı sürgünlərlə bağlı məlumat verib, doğma torpaqlara qayıdış uğrunda atılan addımlardan danışıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət, həmçinin tarixi faktların obyektiv şəkildə təbliğindən bəhs edib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədrinin müavini, əməkdar jurnalist Telli Pənahqızı və Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədrinin müavini Aytən Sultanova çıxışlarında Qərbi Azərbaycana qayıdışla bağlı hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən və işdən danışıb, məhv edilən mədəni irsimizlə bağlı məlumat veriblər.

Tədbirin sonunda Naftalan şəhərində yaşayan Qərbi Azərbaycan İcması üzvlərinə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.