“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib
03 iyun 2026, 14:15

03 iyun 2026-cı il tarixdə BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra konfrans işini “Fairmont Baku” otelinin konqres zalında davam etdirib. Tədbirdə Qərbi Azərbaycan İcmasının və Bakı Dövlət Universitetinin rəhbər heyəti, tanınmış ziyalılar, ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri, elm adamları və digər qonaqlar iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ardınca Qərbi Azərbaycan Televiziyasının hazırladığı Qərbi Azərbaycana qayıdış hüququna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Türkiyə Böyük Millət Məclisinin üzvü və Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun beynnəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, akademik Vaqif Şadlinski və Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış ediblər.

Natiqlər çıxışlarında Qərbi Azərbaycana qayıdış ideyasının Azərbaycan dövlətinin milli prioritetlərindən biri olduğunu vurğulayaraq, soydaşlarımızın öz tarixi torpaqlarına təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıdış hüququnun beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını bildiriblər. Həmçinin Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının, bu istiqamətdə aparılan tədqiqatların genişləndirilməsinin və elmi əsaslandırmaların gücləndirilməsinin vacibliyi qeyd olunub.

Açılış mərasimində Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcması arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Qeyd edək ki, I Beynəlxalq Elmi Konfrans çərçivəsində Qərbi Azərbaycan mövzusunun tarixi, siyasi, hüquqi, mədəni və humanitar aspektlərinə həsr olunmuş panel iclaslarının keçirilməsi nəzərdə tutulur.

İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Qərbi Azərbaycana qayıdış konsepsiyası milli ideyanın inkişaf mərhələsi kimi beynəlxalq hüquq normaları kontekstində qiymətləndiriləcək. Konfransda həmçinin humanitar və mədəni irsin qorunması məsələləri, qayıdış ideyasının sülh və regional sabitliklə uzlaşan konseptual model kimi təqdim edilməsi, milli ideyanın müasir mərhələdə dövlətçilik, suverenlik və tarixi ədalət prinsipləri əsasında yenidən şərh olunması istiqamətində əldə edilmiş elmi nəticələr beynəlxalq müstəvidə müzakirə olunacaq, habelə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnun normativ əsasları elmi baxımdan təhlil ediləcək.