“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib
04 iyun 2026, 00:58

03 iyun 2026-cı il tarixində Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra iştirakçılar “Fairmont Baku” otelində Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən sərgi ilə tanış olublar. Tədbir işini konqres zalında davam etdirib.

Açılış mərasimində Qərbi Azərbaycan İcmasının və Bakı Dövlət Universitetinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil ictimaiyyətinin təmsilçiləri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Qərbi Azərbaycan Televiziyasının hazırladığı Qərbi Azərbaycana qayıdış hüququna həsr edilmiş videoçarx nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Qərbi Azərbaycana qayıdış mövzusunun elmi əsaslarla araşdırılmasının və beynəlxalq akademik müstəvidə müzakirəsinin əhəmiyyətini vurğulayıb. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə soydaşlarımızın öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdış hüququnun beynəlxalq hüquq normalarına əsaslandığını bildirib.

Konfrans çərçivəsində Bakı Dövlət Universiteti ilə Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd elm, təhsil, tədqiqat, mədəni irsin qorunması, tarixi yaddaşın öyrənilməsi və insan kapitalının inkişafı istiqamətlərində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Konfransın ilk panel sessiyası “Qayıdış və regionun yeni sülh arxitekturası” mövzusuna həsr olunub. ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən sessiyada Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, BDU-nun dosenti Fərhad Hüseynov, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun nümayəndəsi Damjan Mišković və beynəlxalq münasibətlər üzrə mütəxəssis Sheraz Mehmood Khan məruzələrlə çıxış ediblər. Müzakirələrdə Qərbi Azərbaycana qayıdış ideyasının regional sülh, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.

“Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində” mövzusunda keçirilən ikinci panel sessiyaya Milli Məclisin deputatı Rizvan Nəbiyev moderatorluq edib. Sessiyada “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, BDU-nun professoru Əfsər Sadıqov, ADA Universitetinin professoru Daniel Vincelli və dosenti Murat Özkaleli çıxış ediblər. Paneldə qayıdış hüququnun beynəlxalq hüquqi əsasları, müasir geosiyasi reallıqlar və regionda sülh prosesləri geniş müzakirə olunub.

Konfransın üçüncü panel sessiyası “Tarixi yaddaş və milli kimlik” mövzusuna həsr edilib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun moderatorluğu ilə keçirilən sessiyada Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Nazim Mustafa və BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa İsmayılov məruzələrlə çıxış ediblər. Paneldə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması, milli kimliyin formalaşmasında tarixi yaddaşın rolu və tarixi həqiqətlərin elmi əsaslarla araşdırılması məsələləri müzakirə olunub.

Günün sonunda panel iştirakçıları və qonaqlar arasında müzakirələr davam etdirilib, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, konfransın əsas məqsədi Qərbi Azərbaycana qayıdış konsepsiyasını elmi müstəvidə müzakirə etmək, bu məsələnin tarixi, hüquqi, siyasi, mədəni və humanitar aspektlərini araşdırmaq, eləcə də mövcud elmi nəticələri beynəlxalq akademik ictimaiyyətə təqdim etməkdir. Tədbir çərçivəsində Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnun beynəlxalq hüquq normaları kontekstində təhlili, mədəni irsin qorunması, tarixi yaddaşın yaşadılması və qayıdış ideyasının regional sülh və sabitliyə töhfə verən konseptual model kimi dəyərləndirilməsi məsələləri diqqət mərkəzində saxlanılır.

I Beynəlxalq Elmi Konfransın növbəti sessiyaları iyunun 4-də Bakı Dövlət Universitetində keçiriləcək və proqram çərçivəsində mövzu üzrə elmi məruzələr, müzakirələr və fikir mübadiləsi davam etdiriləcək.