Qərbi Azərbaycan İcması
03 iyul 2024-cü il tarixində Türkiyənin Qars şəhərində Qars Bələdiyyəsi ev sahibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Türkiyə Azərbaycan Assosiasiyaları Federasiyası (TADEF) və Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Assosasiyası tərəfindən təşkil olunan "Qərbi Azərbaycana Qayıdış" Qars Forumu keçirilmişdir.
Forumda siyasi partiya nümayəndələri, şəhər ziyalıları, QHT nümayəndələri iştirak etmişlər. Foruma şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Giriş sözü ilə TADEF üzvü Qars Assosasiyasının sədri Nəbi Arıq çıxış etdikdən sonra TADEF sədri vəzifəsini icra edən Pərviz Məmmədzadə, DİDK Sədrinin 1-ci müavini Valeh Hacıyev, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, Qars bələdiyəsi başçısı professor Ötiken Senger çıxış edərək forumun iştirakçılarını salamlayıblar. Çıxışçılar bildiriblər ki, bu toplantıların Qərbi Azərbaycanlıların hüquqlarının təmin olunması və onların vətənlərinə dönməsi prosesinin gündəmdə tutulmasına vəsilə olacağına inanırlar.
TADEF sədrinin müavini Səttar Kayanın moderatorluğunda keçirilən Forumun ikinci hissəsində Milli Məclisin deputatı, QAİ İdarə Heyəti sədrinin müavini professor Hikmət Məmmədov, Qafqaz Universitetinin professoru Hacəli Nəcəfoğlu, QAİ İH-nin üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı dosent Nazim Mustafa və Qafqaz Universitetinin professoru Mustafa Kop çıxış edərək Qərbi Azərbaycan anlayışı və həqiqətləri, eləcə də Azərbaycanın haqlı tələbləri barədə məlumat vermişlər.
Qars səfəri çərçivəsində Valeh Hacıyev Qars Valisi Ziya Polatı və Qars Bələdiyyəsinin sədri Ötügen Sengeri ziyarət edərək forum barədə bəhs etmiş və onlara xatirə hədiyyələri təqdim etmişdir. Görüşdə TADEF nümayəndələri də iştirak etmişlər.