Qərbi Azərbaycan İcması
Fevralın 13-də Şəki Şəhər İcra Hakimiyyətində “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda toplantı keçirilib, Qərbi Azərbaycan İcmasının Şəki şəhəri üzrə nümayəndəsi ictimaiyyətə təqdim olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, əslən Qərbi Azərbaycandan olan ziyalıların, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qərbi Azərbaycan İcmasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasına yönəlmiş strateji hədəfdir və bu ideyanın siyasi-hüquqi əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. O qeyd edib ki, həmin konseptual yanaşma bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial şəkildə davam etdirilir, Qərbi Azərbaycan məsələsi beynəlxalq hüquq normaları və insan hüquqları kontekstində dövlət siyasətinin mühüm prioritet istiqamətlərindən biri kimi təqdim olunur.
İcra başçısı vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti tarixi yaddaşın qorunması, deportasiya faktlarının sistemli şəkildə araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də soydaşlarımızın təhlükəsiz, ləyaqətli və mərhələli qayıdış konsepsiyasının təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra icra başçısı Qərbi Azərbaycan İcmasının Şəki şəhəri üzrə nümayəndəsi Ziya Vəliyevi ictimaiyyətə təqdim edib, ona müvafiq vəsiqəni təqdim edərək fəaliyyətində uğurlar arzulayıb.
Ziya Vəliyev çıxışında göstərilən etimada görə təşəkkürünü bildirib və Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Tədbirdə digər çıxış edən azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi yurdlarından zorla köçürülməsi faktlarından, xalqımızın mədəni və dini irsinə qarşı həyata keçirilmiş vandalizm siyasətindən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, həyata keçirilən siyasət nəticəsində Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışının təmin olunacağına inam böyükdür.