Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ağarçin məbədi
12 noyabr 2026, 14:31

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Ağarçin Karvansaray Dilican şəhərindən 18 kilometr şimalda, dağlar qoynunda yerləşən alban xristian məbədidir. 1930-cu il sentyabrın 9-dək Ağarçin adlanan ərazi sonradan İcevan rayonu kimi tanınıb.

Ağarçin çayının meşəli sahillərində günbəzli zal formasında inşa edilmiş məbədin ən qədim tikilisi Х yüzilə aiddir. Məbəd kompleksinin 16 üzlü günbəzi olan baş məbədi isə 1281-ci ildə inşa edilib, sonrakı yüzillərdə ona yeni tikililər əlavə olunub.

Ərazinin xəzər-yəhudiəsilli Baqratilər sülaləsi başçılarının dəfn yeri olduğu ehtimal olunur, çünki burada günümüzə gəlib çatan qəbir daşlarının üzərində hökmdar Smbat və hökmdar Qagikin adları həkk olunub.

Monastırın XI əsrin ikinci yarısında Səlcuq türklərinin yürüşləri zamanı dağıdılıb viran qoyulması ehtimal olunur.

Ağarçin məbədinin ətrafında yerləşən yaşayış məntəqələri qədimdən türk tayfalarının məskəni olub. Məbədin türklüyü onun adından da aydın görünür. Qərbi Azərbaycan ərazisindəki tikililər daha çox qırmızı tuf daşdan tikildiyi halda, Ağarçin məbədi ağ daşdan tikilib və Ağarçin adını da buradan alıb. Digər tərəfdən məbədin yerləşdiyi əraziyə yaxın tarixi Azərbaycan kəndlərindən biri də məhz Göyərçin adlanıb. Sonralar ermənilər Göyərçin kəndini ləğv edərək onu Salah kəndi ilə birləşdirib, Ağarçin monastır və yaxınlıqdan axan Ağarçin çay adını isə erməni tələffüzünə uyğunlaşdıraraq Hağartsin şəklinə salıblar.

Ağstafa çayı boyunca uzanan Dilican dərəsinə aid olan bu yerlərə ermənilərin ilk gəlişi XIX yüzilin əvvəllərinə təsadüf edir.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___agarchin_mebedi-4506144?