Qərbi Azərbaycanda tarixi abidələrimiz – Aselişad / Xorvirab məbədi
21 sentyabr 2026, 13:33

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan yazını təqdim edir.

Aselişad / Xorvirab İrəvan xanlığının Vedibasar mahalının (09.09.1930-cu ildən – Vedi rayonu, 15.05.1968-ci ildən – Ararat rayonu) aran hissəsində, Araz çayının sahilində, təxminən eramızdan əvvəl 180-ci ildə Artaşilər sülaləsinin banisi I Artaş tərəfindən salınmış qədim Artaşad şəhərinin xarabalıqları yerində, Xor Virab təpəsi üstündə qədim ərmən-qıpçaq türk xristian məbədidir.

Maarifçi Qriqori Azərbaycanın bu tarixi bölgəsində xristianlığı yaymaq istərkən ərmən-qıpçaq hökmdarı III Turdat (ermənicə Trdat) (286-343) tərəfindən həbs edilərək 13 il quyu-zindanda saxlanılıb.

Sasani hökmdarı II Şapurun (309-379) vaxtında şəhər tamamilə yerlə-yeksan edilib, Qriqorinin quyuya salındığı həmin yerdə VI əsrdə xristian məbədi tikilib və bu yer ətraf camaatın ziyarətgahına çevrilib. Sonrakı yüzillərdə məbədə yeni tikililər əlavə edilib.

Diametri 4,4 metr, hündürlüyü isə 6 metrə qədər olan quyu günümüzə qədər gəlib çatıb.

Məbədin yerləşdiyi bu ərazidə tarix boyu türk tayfaları yaşamışlar. Məbədin ilkin - Aselişad (As-eli-şad) adı da onun Azərbaycan türklərinə mənsubluğunu təsdiq edir.

İrəvan xanlığı 1827-ci il oktyabrın 1-də çar Rusiyası tərəfindən işğal olunana qədər Xorvirab kilsəsinin yerləşdiyi ərazidə, hətta ətraf kəndlərdə bir nəfər də erməni olmayıb, kənddə ancaq azərbaycanlılar yaşayıblar. İ.Şopendə (1832) kilsə-qala ərazisində 3 təsərrüfatda 8 nəfər (4 kişi, 4 qadın) azərbaycanlının yaşadığı qeydə alınıb. Xorvirab ərazisinə ilk ermənilər isə 1 ailədə 6 nəfər (3 kişi, 3 qadın) olmaqla Türkmənçay müqaviləsindən sonra İrandan köçürülüb gətirilib.

1873-cü ilin statistikasında isə qala-kilsədə cəmi 1 təsərrüfatda 3 erməni kişinin yaşadığı göstərilib.

Kilsənin monastır olaraq ermənilərin müqəddəs dini mərkəzi kimi təbliğatı ancaq sovet hakimiyyəti illərinə təsadüf edir.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___aselisad___xorvirab_mebedi-4422690?