Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ələyəzdə hərbi kilsə
17 noyabr 2026, 12:51

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Hərbi kilsə Dərələyəz mahalının Ələyəz kəndi yaxınlığında yerləşən alban xristian məbədidir. Dərələyəz mahalının ərazisi 1931-ci ildən Keşişkənd, 1935-ci ildən Mikoyan, 1957-ci ildən Yeğeqnadzor rayonu adlandırılıb. Ələyəz kəndi isə 1991-ci ildən Yeğegis adını daşıyır. Məbəd XIII əsrin sonlarında Siyuni hakimi Darsaiçxanın oğlu, məşhur tarixçi Stepan Orbelian tərəfindən tikdirilib.

Orbelian sülaləsinin sarayı günümüzə gəlib çatmayıb; lakin XX əsrin əvvəllərində sarayın giriş qapısının üzərində daş lövhə aşkar edilib. Həmin daşın üzərində kitabə, həmçinin Tarsayiç Orbelian və onun həyat yoldaşı Mina Xatunun relyef təsvirləri həkk olunub. Ələyəzdə həmçinin Orbelian ailəsinin nəsil qəbiristanlığı yerləşir, burada özünəməxsus, incə naxışlarla bəzədilmiş qəbir daşları və xaç daşları mövcuddur.

Məbədi tədqiq edən mütəxəssislərin yekdil fikri belədir ki, burada kilsənin qarşısındakı daş döşənmiş meydanda açıq havada ibadət edən əsgərlər qarşısında moizə oxunar və onlar yürüşə gedərmişlər.

Tikili 1970-ci illərin əvvəllərində bərpa olunub və ona erməni-qriqorian elementləri əlavə edilib.

Qədimdən türk boylarının ana yurdu olan Ələyəz kəndinə ilk ermənilər (11 ailədə 58 nəfər) 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilib.

Sonuncu deportasiya – 1987-1991-ci illərdə kəndin bütün azərbaycanlı əhalisi qovulub, kənd bütünlüklə erməniləşdirilib.

Son vaxtlar ermənilər məbədin adını erməniləşdirərək ermənicədə “Hərbi kilsə” anlamı verən “Zorats yeqeğetsi” qoyublar.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___eleyezde_herbi_kilse-4512420?