Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından növbəti yazısını təqdim edir.
Erdərin Dərələyəz mahalında yerləşən qədim alban xristian məbədidir. Məbəd Erdəpin kəndindən 6 kilometr şimal-şərqdə yerləşir. Dərələyəz mahalı 1931-ci ildən Keşişkənd rayonu, 1935-ci ildən Mikoyan rayonu, 1957-ci ildən isə Yeğeqnadzor rayonu adlandırılıb. Bəzi mənbələrdə kəndin adı Ərdəpin şəklində də qeydə alınıb.
Planı düzbucaq şəklində olan günbəzli Erdəpin məbədinin X yüzildə, Xəzər-yəhudi əsilli Baqratilər dövründə tikildiyi ehtimal olunur. Məbədin ətrafı geniş qəbiristanlıqla əhatələnib. Qəbiristanlığın çox hissəsi hazırda bağ və əkin sahələrinin altına verilib. Qəbirüstü sənduqə və daşların üzərindəki yazılardan onların 1301-ci, 1318-ci, 1325-ci, 1342-ci, 1345-ci, 1349-cu illərə aid olduğu anlaşılır.
Məbəd bir-birindən 200 metr məsafədə yerləşən iki kilsədən ibarətdir. Cənub tərəfindəki qəbiristanlıqda isə böyük sərdabənin divarlarının qalıqları dururdu.
Qədimdən türk tayfalarının vətəni olan Erdəpin kəndinə ilk ermənilər (38 ailədə 172 nəfər) 1828-1829-cu illərdə İranın Xoy vilayətindən köçürülüb gətiriliblər.
1946-cı ildə kəndin Erdəpin adı ermənilər tərəfindən dəyişdirilərək Yeğegis, 1991-ci ildən yenidən dəyişdirilərək Artabuynk qoyulub. Ermənilər məbədin adını erməniləşdirərək “Çiçəklənən daş” anlamı verən “Tsağats Kar” qoyublar. Məbəd 2013-cü ildə bərpa olunaraq ona erməni-qriqorian elementləri əlavə edilib.
https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz__erderin_mebedi-4522269?