Qərbi Azərbaycanda tarixi abidələrimiz – Salsal qalası
11 noyabr 2026, 12:18

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Salsal -Dərələyəz mahalının Ələyəz kəndi yaxınlığında, Ələyəz çayının sağ, Erdəpin çayının isə sol sahilində, Ələyəz və Erdəpin kəndlərinin əhatəsində yerləşən, Qabaqtəpə (Sal) dağının sıldırım qayaları üzərində, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə salınmış qədim türk qalasıdır. Dərələyəz mahalı 1931-ci ildən Keşişkənd, 1935-ci ildən Mikoyan, 1957-ci ildən isə Yeğeqnadzor rayonu adlandırılıb.

Qalanın XII əsrdə inşa edildiyi və türksoylu Orbelianlar nəslinin iqamətgahı olduğu ehtimal edilir. Bunu əsas götürən ermənilər qalanın adını erməniləşdirərək həmin nəsildən olan, şahzadə Smbatın (hakimiyyət illəri: 1251-1273) adı ilə “Smbat qalası” anlamı verən Smbataberd qoymuşlar. Hətta bəzi erməni alimləri belə (məsələn, Gevond Alişan) bu uydurma ilə razılaşmır, bu adı tamamilə folklor mənşəli hesab edirdi.

Qala divarlarının uzunluğu təqribən 5 km, eni 2-3 metr, divar boyu uzanan yarımdairəvi qüllələrinin hündürlüyü 8-10 metr olmaqla iki giriş qapısından (Ələyəz və Erdəpin qəsəbələri istiqamətlərində) və Həsənkənd istiqamətində divarın özülündən gizli bir çıxış qapısından ibarətdir. Qalanın daxili sahəsi təqribən 15-20 hektar ərazini əhatə edir. Qalanın sağ tərəfində 30, sol tərəfində 20 evin xarabalıqları qalmaqdadır. Ev-otaqların damı günbəz formasında olub.

Ermənistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2011-ci ildə Salsal qalasının bərpa işlərinə başlanılıb, lakin bərpa prosesində yeni tikililərin izləri tapıldığından iş dayandırılıb və 1918-ci ildə ərazi qoruq elan edilib. Erməni tərəfin tapılan yeni tikililərin izləri barədə susmaları isə şübhəsiz ki, ciddi suallar doğurur.

Salsal qalasının yerləşdiyi ərazilərdə qədimdən azərbaycanlılar yaşayıb, qalanın yaxınlığındakı Erdəpin kəndinə ilk ermənilər (38 ailədə 172 nəfər) və Ələyəz kəndinə ilk ermənilər (11 ailədə 58 nəfər) 1828-1829-cu illərdə İrandan köçürülüb gətiriliblər.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___salsal_qalasi-4504266?