Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi
22 sentyabr 2026, 10:53

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Uzunlar Dağ Borçalısının Loru mahalının (09.09.1930-cu ildən – Allahverdi rayonu, 19.09.1969-cu ildən – Tumanyan rayonu) Uzunlar (30.09.1967-ci ildən – Odzun) kəndində VI əsrin sonu – VII əsrin əvvəllərinə aid qədim alban-türk məbədidir.

Günbəzli bazilika üslubunda tikilmiş məbəd öz adını Uzunlar kəndindən almış, “Uzunlar” toponimi isə qədim Uz türk tayfasının adını bildirməklə “Uzun” sözündən və -lar cəm şəkilçisindən yaranmışdır.

Qədimdən türk tayfalarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində köçürülüb.

Kəndin tarixi adının Uzunlar olması və bu adın 1967-ci ildə Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə dəyişdirilib Odzun qoyulması bir daha sübut edir ki, Uzunlar kəndinin ermənilərə heç bir aidiyyəti yoxdur. Kəndin adı ilə paralel surətdə Uzunlar məbədinin adının dəyişdirilib Odzun qoyulması isə Qərbi Azərbaycan ərazisində mədəni irsimizin daha bir nümunəsinin erməniləşdirilməsinin növbəti sübutudur.

Müxtəlif dövrlərdə kilsədə bir neçə dəfə bərpa işləri aparılıb, hər dəfə ona yeni erməni elementləri əlavə edilib. XIX əsrdə kilsənin şərq hissəsində iki zəng qülləsi tikilib. Sonuncu dəfə kilsədə “bərpa” işləri 2012-2014-cü illərdə aparılıb. Həmin vaxt “bərpa” işləri erməni mütəxəssisləri ilə İtaliyanın Milan şəhərinin politexnik institutunun mütəxəssisləri tərəfindən aparılıb.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz____uzunlar_mebedi-4423917?