Qərbi Azərbaycanda tarixi abidələrimiz - Xanavəng məbədi
23 oktyabr 2026, 16:15

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Xanavəng məbədi İrəvan xanlığının Karbibasar mahalında, Kasax çayının kənarında yerləşən Xanavəng kəndindəki türk xristian məbədidir. Kənd 1935-ci il yanvarın 3-dən Ohanavan adlandırılır, mahalın ərazisi isə 1930-cu il sentyabrın 9-dan Əştərək rayonu kimi tanınır.

Məbədin baş kilsəsi 1216-1221-ci illərdə tikilib. 1919-cu ildə məbədin günbəzi uçan zaman bütövlükdə məbəd ciddi ziyan çəkib. Məbəd 1940-1948-ci illərdə ermənilər tərəfindən bərpa olunarkən ona bir çox erməni elementləri əlavə edilib. Bununla belə, məbədin yaxınlığındakı V yüzilə aid bazilika qalıqları burada daha qədim məbədin mövcudluğundan xəbər verir.

Müxtəlif mənbələrdə monastır Anavəng, Müqəddəs İohan monastırı, Xanavəng, Ovanavəng monastırı, Ohanavəng monastırı, Ohanavan monastırı və digər adlarla qeydə alınıb. Maraqlıdır ki, monastırın yerləşdiyi kənd 1935-ci il yanvarın 3-də Ohanavan adlandırılsa da, monastırın adı Hovhannavank şəklində qeyd olunub.

İrəvan xanlığı 1827-ci il oktyabrın 1-də çar Rusiyası tərəfindən işğal olunarkən bu kənddə bir nəfər də olsun erməni qeydə alınmayıb. 1828-1830-cu illərdə isə kəndə 36 ailədə 213 nəfər olmaqla İrandan, 4 ailədə 16 nəfər olmaqla Türkiyədən ilk ermənilər köçürülüb gətiriliblər.

Monastırın tikintisi haqqında ətraflı məlumatlara XVII əsr salnaməçisi, 13 yaşından monastır həyatına başlayan, Xanavəngin diakonu rütbəsinə qədər yüksələn Zakari Kənəkirlinin (Kanakertsi) (1626–1699) “Salnamə” əsərində rast gəlirik. Monastırdakı kitabələrdə İşxan (İç-xan) Kurd (Qurd), Vaçe, Xorişah (Hurişah), Mama xatun, Həsən, Arus xatun, Avaq, Ağababa, Dəstəgül, Dovlətbəy adlarının çəkilməsi məbədin türk mənşəyi haqqında düşünməyə əsas verir.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___xanaveng_mebedi-4476666?