Qərbi Azərbaycan İcması
Dekabrın 2-də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycandakı Maddi və Mənəvi İrsimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin Sədri, millət vəkili Əziz Ələkbərov təəssüf hissi ilə bildirib ki, XIX əsrin əvvəllərində ermənilərin bu ərazilərə köçürülməsindən sonra mədəni irsimizin bir hissəsi məhv edilmiş, bir hissəsi isə mənimsənilmişdir. Əziz Ələkbərov indiki Ermənistan ərazisində zəngin irsimizə xas minlərlə maddi abidənin məhv edilməsi, o cümlədən 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq, yüzlərlə qala, karvansaralarımızın məhv edildiyini, minlərlə toponimin dəyişdirildiyini, qeyri- maddi mədəni irsimizə zərbə vurulmasını diqqətə çatdıraraq sözügedən faktlarla bağlı beynəlxalq ictimaiyyətə mütəmadi olaraq məlumatların çatdırıldığını vurğulayıb.
Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov Qərbi Azərbaycanda məhv edilən təhsil müəssisələri, təzyiqlərə məruz qalan maarifçi insanlar və İrəvan gimnaziyası ilə bağlı məlumat verib. Şura üzvləri - Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, professor Avtandil Məmmədov, Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdiyev, Ağsaqallar Şurasının üzvü, professor Aslan Bayramov, Ziyalılar Şurasının üzvü, sossiologiya elmləri üzrə fəlsəfə doktoru Əfqan Vəliyev, Ziyalılar Şurasının üzvü, filologiya elmləri üzrə doktor Əzəmət Rüstəmov, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, Dosent Elçin Əhmədov, Ziyalılar Şurasının üzvü Telman Kərimli, Qadınlar Şurasının üzvü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının əməkdaşı Azadə Novruzova, Ziyalılar Şurasının üzvü Bəxtiyar Nəcəfov, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev ata- baba yurdlarımızda məhv edilən mədəni irsimizlə bağlı danışaraq doğma torpaqlarımıza geri qayıtmağın, yerlə -yeksan edilən irsimizin bərpa edilməsinin zəruriliyini vurğulayıblar.