Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24 fevral 2024, 11:34

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış uğrunda İcmanın ətrafında birləşən rayon və kənd icma rəhbərlərini salamlayıb. Sədr bildirib ki, ötən əsr boyunca dörd dəfə öz ata – baba yurdlarından deportasiya edilmiş Qərbi Azərbaycanlılar bu gün evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir. Sonuncu 1987-1991 -ci illərin deportasiyası zamanı Ermənistanın tamamilə monoetnik dövlətə çevrildiyini vurğulayan sədr bu gün də Qərbi Azərbaycanlıların çıxarıldıqları yurd yerlərinin boş və dağıdılmış, talan edilmiş halda olduğunu diqqətə çatdırıb. Əziz Ələkbərli qeyd edib ki, soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışının təmin edilməsi istiqamətində hər bir Qərbi Azərbaycanlı səfərbər olmalı,haqq səsimizin daha geniş auditoriyaya çatdırılması istiqamətində əlindən gələni etməlidir. Qeyd olunub ki, bu məqsədlə Qərbi Azərbaycanın rayon və kənd icmalarının sədrlərinin üzərində böyük mənəvi məsuliyyət var. Qərbi Azərbaycanlıların nəinki indi, gələcəkdə qayıdışdan sonra da kompaktlığını təmin etmək, əlaqələrinin sıxlığının qorunub saxlanması kimi məsələlərdə bu şəxslərin rolu vacibdir.


Görüş rayon və kənd icmalarının sədrləri və nümayəndələrinin sualları əsasında müzakirələrlə davam edib.


Qeyd edək ki, Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrin 1-ci toplantısının keçirilməsi icma sədrləri və nümayəndələrin ilk birgə toplantısı olmaqla onların ictimai əsaslarla vəzifə səlahiyyətləri, tutduqları vəzifələrin icrasına yönəlmiş təlimatlandırma, eyni zamanda Qərbi Azərbaycan məsələsi ətrafında dövlətin siyasi hədəfləri və prioritetlərinin şərhi məqsədini daşıyır.