“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihəsinin qiymətləndirmə mərhələsi başa çatıb
07 noyabr 2026, 17:47

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsinin üç gün davam edən qiymətləndirmə mərhələsi başa çatıb.

Yekun mərhələdə iştirakçıların təqdim etdikləri yaradıcılıq işləri münsiflər heyəti tərəfindən nəzərdən keçirilib, layihələrin mövzuya uyğunluğu, tarixi-memarlıq xüsusiyyətlərinin əks etdirilməsi və yaradıcı yanaşma baxımından dəyərləndirilməsi aparılıb.

Yekun qiymətləndirmə prosesində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli də iştirak edib. O, layihənin nəticələrinin məktəblilərin Qərbi Azərbaycanın tarixi irsinə marağının göstəricisi olduğunu qeyd edərək, təqdim olunan işlərdə gənc nəslin tarixi yaddaşa münasibətinin və yaradıcı təfəkkürünün əks olunduğunu bildirib. Əziz Ələkbərli layihənin ərsəyə gəlməsində zəhməti olan təşkilatçılara, müəllimlərə və şagirdlərə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı yekun mərhələdə çıxış edərək layihənin məktəblilərin milli-mədəni irsimizə bağlılığının gücləndirilməsindəki roluna diqqət çəkib. O, şagirdlərin təqdim etdiyi işlərin yalnız yaradıcılıq nümunəsi deyil, həm də Qərbi Azərbaycanın tarixi abidələrinin tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun mütəxəssisi Sevda Ramazanova layihənin şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişafı baxımından əhəmiyyətini qeyd edib. O, belə təşəbbüslərin təhsilalanların tarixi irsə marağının artırılmasına xidmət etdiyini bildirib.

Münsiflər heyətinin üzvü, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Şəhərsalma şöbəsinin aparıcı memarı, Azərbaycan Memarlar İttifaqının Şəhərsalma Siyasəti Komissiyasının, Azərbaycan Rəssamlar İttifaqının, Yeni Azərbaycan Partiyasının, Qərbi Azərbaycan İcmasının və UNESCO-nun Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü, Prezident təqaüdçüsü İsmayıl Hacıyev təqdim olunan layihələri peşəkar meyarlar əsasında dəyərləndirib. O, şagirdlərin tarixi abidələrin memarlıq xüsusiyyətlərini yaradıcı şəkildə təqdim etmələrinin əhəmiyyətini vurğulayaraq, bu cür müsabiqələrin gənclərin memarlıq və incəsənətə marağının formalaşmasına müsbət təsir göstərdiyini bildirib.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliğini genişləndirmək, tarixi abidələrə marağı artırmaq və gənc nəslin milli-mədəni irsin tanıdılması prosesində fəal iştirakını təşviq etməkdir.